BANM-da keçirilən karyera sərgisində iştirakçılara 500-ə yaxın iş yeri və müxtəlif təcrübə proqramları təklif olunub


Aprelin 2-də Bakı Ali Neft Məktəbinin (BANM) Bibiheybət korpusunda İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Bakı Ali Neft Məktəbi (BANM) və “StrategEast” şirkətinin birgə təşkilatçılığı ilə  icra olunan “IT HUB Azerbaijan” layihəsinin bağlanış mərasimi keçirilib.

 

Bağlanış mərasimində BANM-ın rektoru Elmar Qasımov, 4SİM-in icraçı direktoru Fariz Cəfərov, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Tahir Mirkişili, Avropa Yenidənqurma və İnkişaf Bankının Bakı ofisinin rəhbəri Natali Muravidze, “StrategEast” müəssisəsinin təsisçisi və prezidenti Anatoli Motkin və “EPAM Systems” təlim şirkətinin nümayəndəsi Aleksander Yazepçik  iştirak ediblər.

 

Tədbirdə çıxış edən BANM-ın rektoru Elmar Qasımov yüksək səviyyədə icra olunan “IT Hub Azerbaijan” layihəsinin  İKT sahəsində bacarıqlı kadrların hazırlanması  işinə mühüm töhfə verdiyini qeyd edib. E.Qasımov həyata keçirilən bu cür layihə və təlimlərin, sərgilərin əməkdaşlıq münasibətlərinin dərinləşməsində, informasiya texnologiyaları sahəsində bilik və bacarıqların artırılmasında, yeni iş yerləri və karyera imkanlarının yaradılması prosesində əhəmiyyətli rol oynadığını vurğulayıb.

 

Daha sonra 4SİM-in icraçı direktoru Fariz Cəfərov çıxış edərək layihə çərçivəsində ötən 11 ay ərzində Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şirvan  və Naxçıvan Muxtar Respublikasından 19-30 yaş aralığında 100-ə yaxın gəncin ödənişsiz İT təlimlərinə cəlb edildiyini, “EPAM Systems” şirkətinin beynəlxalq ekspertləri tərəfindən gənclərə kompüter elmləri, proqramlaşdırma, biznes təhlili və digər mövzularda onlayn dərslərin keçirildiyini, proqramı uğurla bitirən gənclərin ölkəmizdə  yerli və xarici şirkətlərdə işlə təmin edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

 

F.Cəfərov İqtisadiyyat Nazirliyinin “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində “Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası”nı hazırladığını və növbəti 7 ili əhatə edəcək 62-yə yaxın müxtəlif tədbirlər və fəaliyyətlərin nəzərdə tutulduğunu bildirib. “Coursera” şirkəti ilə əməkdaşlıq çərçivəsində 130 milyona yaxın istifadəçisi olan beynəlxalq təhsil platformasından ödənişsiz olaraq artıq 5 mindən çox azərbaycanlının 800-ə qədər kursdan yararlandığını, sentyabrın 15-nə qədər növbəti 5000 nəfərə kursdan yararlanma imkanının yaradılacağını, bu ilin 15 sentyabrından etibarən isə bu sayın 200 min nəfərə çatdırılacağı və onların 8000-ə yaxın proqramdan yararlanacağının nəzərdə tutulduğunu, bu proqramların Azərbaycan dilinə tərcümə olunmuş versiyasının təqdim ediləcəyini söyləyib. Nəzərdə tutulan digər tədbirlər çərçivəsində “Elm-sənaye klasteri 4.0”ın yaradılmasını diqqətə çatdıran F.Cəfərov Dünya İqtisadi Forumu ilə əməkdaşlıq çərçivəsində aktiv şəkildə süni intellekt, müxtəlif IV Sənaye İnqilabı texnologiyaları üzrə 40-a yaxın tələbənin prosesə cəlb edildiyini, yaxın vaxtlarda Azərbaycan dilində Chatbot-un vətəndaşların istifadəsinə verilməsinin planlaşdırıldığını qeyd edib. 4SİM-in dünya üzrə Süni İntellekt Alyansının üzvü olduğunu və bu alyansda təmsil olunan 40 dünya eksperti arasında mərkəzin də təmsil edildiyini, 200-dən çox qurumlarla əməkdaşlıq edildiyini vurğulayıb.  

 

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Tahir Mirkişili çıxışı zamanı Azərbaycanda İT sahəsinin qarşısında çox ciddi inkişaf perspektivlərinin olduğunu deyib , ötən il Prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahənin tamamilə vergidən azad edildiyini diqqətə çatdırıb. T.Mirkişili təhsil sektorunda, universitetlərdə İT mütəxəssislərinə yeni iş yerləri və karyera imkanlarının yaradılması baxımından bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirdiyini bildirib. 

 

Tədbir çərçivəsində “İT Hub Azərbaycan” layihəsinin məzunları və Bakı Ali Neft Məktəbinin bir qrup tələbəsi üçün “Peşəkar brendinq”, “CV hazırlanması” və “İş müsahibəsinə hazırlıq” mövzularında təlim sessiyaları keçirilib.

 

Sessiyalar bitdikdən sonra iştirakçılar BANM-da təşkil olunmuş karyera sərgisinə qatılıblar. “İT HUB Azərbaycan - Gələcək iş, gələcəyi dəyiş!” adlı sərgidə SOCAR, JOCAP, KPMG, EY, Deloitte, Mərkəzi Bank, İnnovasiyalar Agentliyi, Paşa Bank, ABB, Azericard, Ultra, AzİnTelekom, Smart Solutions, Azfen, Azerconnect, Access Bank, Express Bank, Yelo Bank, İctimai TV və s. aparıcı yerli və xarici şirkətlər və dövlət qurumları daxil olmaqla, ümumilikdə 60-a yaxın təşkilat iştirak edib.

 

Əmək yarmarkasında texnologiya, maliyyə, sənaye, rəqəmsal ticarət, proqramlaşdırma, enerji, kibertəhlükəsizlik, media və habelə onlarla digər sahədə İKT üzrə vakant iş yerləri, təcrübə proqramları və karyera imkanları barədə sonuncu kurs tələbələri və məzunlara məlumat verilib.

 

Sərgiyə BANM ilə yanaşı, Bakı Dövlət, Bakı Mühəndislik, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Texniki, ADA, Xəzər və Azərbaycan Dövlət İqtisad universitetlərinin tələbələri və məzunları, ümumilikdə 1000 nəfərə yaxın gənc qatılıb.

 

Yarmarkada iştirakçılara 500-ə yaxın iş yeri və müxtəlif təcrübə proqramları təklif olunub.

 

Lamiyə Əlimərdanova