Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzinin Gəncə-Daşkəsən və Qazax-Tovuz Regional təhsil idarələrinə daxil olan ümumtəhsil məktəblərinin IX sinif şagirdləri arasında keçirdiyi “Vətənimsən, Azərbaycan!” müsabiqəsinin final mərhələsi təşkil edilib.
Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan dili, ədəbiyyatı, tarixi, coğrafiyası, mədəniyyət və incəsənətinə dair şagirdlərin mövcud bilik səviyyələrini öyrənmək, onları bu sahədə yeni biliklər qazanmağa həvəsləndirmək, yeniyetmələrin Azərbaycançılıq məfkurəsi və vətənpərvərlik ruhunda yetişməsinə dəstək verməkdir.
Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində baş tutan tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Məmməd Alıyev, ADA Universitetinin strategiya və inkişaf üzrə prorektoru, Qazax Müəllimlər Seminariyasının İdarə Heyətinin üzvü Vəfa Kazdal, yuxarıda adı çəkilən regional təhsil idarələrinin əməkdaşları, rayon təhsil sektorlarının müdirləri, məktəb direktorları və məktəblilər iştirak ediblər.
Bu mərhələdə regional təhsil idarələrinə aid məktəblərdən 6 komanda I, II, və III yerlər uğrunda yarışıblar. Yarışın sonunda Tovuz rayon M.Musayev adına Əlimərdanlı kənd tam orta məktəbin komandası I yerə, Qazax şəhər M.Hüseyn adına Təbiət və Humanitar fənlər təmayüllü məktəb-liseyin komandası II yerə, Gəncə şəhər C.Cabbarlı adına 6 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülüblər.
Qalib komandaların üzvləri sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.
Azərtac