Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları arasında keçirilən “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb.

 

BDU-dan bildirilib ki, müsabiqə 27 Mart - Elm Gününə həsr olunub.

 

Müsabiqə Komissiyasının qərarına əsasən, təbiət və dəqiq elmlər üzrə BDU-nun nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Nəzəri fizika şöbəsinin müdiri dosent Şahin Ağayev I, Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev II, BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Ekoloji kimya və ətraf mühitin qorunması elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Kamran Mahmudov III, humanitar və ictimai elmlər üzrə informasiya və sənəd menecmenti fakültəsinin kitabxanaşünaslıq kafedrasının dosenti Pərviz Kazımi I, sənəd menecmenti kafedrasının müdiri Nadir İsmayılov II, beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dünya iqtisadiyyatı kafedrasının müdiri Fərid Babayev III yerə layiq görülüblər.

 

BDU əməkdaşları arasında artıq dörd ildir keçirilən bu müsabiqə il ərzində fəal elmi tədqiqat apararaq yüksək nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc edilmiş məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad edilən BDU əməkdaşlarının mükafatlandırılması məqsədini daşıyır.