Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm günləri”nə start verilib. 

 

Bu çərçivədə keçirilən tədbirdə UNEC rektoru professor Ədalət Muradov universitetdə elmi fəaliyyətlə bağlı görülmüş işlər barədə ətraflı məlumat verib. Bildirib ki, “Scopus”da çap olunan məqalələrin sayına görə 2014-cü illə müqayisədə 2023-cü ildə  bu rəqəm 103 dəfə artaraq, 411-ə çatıb.  “Scopus” bazasında istinadların sayı 46 dəfə artaraq, 693-ə yüksəlib. O, qeyd edib ki, Q1 kvartilli jurnallarda çap olunan məqalələrin sayına görə UNEC ölkədə liderdir. Universitetin alimləri 76 xarici ölkə alimləri ilə birgə məqalələr yazıblar.

 

"Web of Science" bazasında 2014-cü illə müqayisədə məqalələrin sayı 59 dəfə, məqalələrə olan istinadların sayı isə 1673 dəfə artıb. UNEC SCimago reytinqində Azərbaycan birincisi olub. “İqtisadiyyat, ekonometrika və maliyyə” sahəsi üzrə dünyada 691-ci, Şərqi Avropada isə 33-cü yerə yüksəlib.

 

Rektor UNEC-də ölkə başçısının tapşırığına uyğun olaraq, “Gələcək Özümü Gələcək?” mövzusunda ilk ictimai müzakirənin keçirildiyini də bildirib. Gələcəyin mədəni, elmi, ideoloji hədəflərinə həsr olunmuş ilk müzakirənin “Gələcək əsr deyil, əsərdir!” başlığı ilə aparıldığını qeyd edib.

 

Sonra UNEC-in elm üzrə prorektoru dosent Fariz Əhmədov "UNEC-də elmin mövcud vəziyyəti: yeni dövr strategiyaları" mövzusunda çıxış edərək, universitetdə elmi fəaliyyətlə bağlı statistik məlumatları nəzərə çatdırıb.

 

Qeyd edək ki, 27 mart - 4 aprel tarixləri UNEC-də “Elm günləri” kimi elan olunub. “Elm günləri”ndə UNEC-də elmin mövcud vəziyyəti, yeni dövr iqtisad elminin aktual mövzuları, UNEC tədqiqat mərkəzlərinin potensialının gücləndirilməsi və sifarişli elmi tədqiqat işlərinin cəlb edilməsi, elmi jurnalların, konfrans materiallarının beynəlxalq elmi bazalarda indekslənməsi, Kitabxana-İnformasiya Mərkəzində tədqiqatçıların rəqəmsal resurslardan istifadə imkanlarının genişləndirilməsi, UNEC laboratoriyalarının mövcud vəziyyəti və akkreditasiya imkanları, dissertasiya şuraları və elmi seminarların fəaliyyətinin təkmilləşdirilməsi, magistr və doktorluq dissertasiya islərinin keyfiyyətinin artırılması yolları müzakirə ediləcək. Eyni zamanda, 2023-cü il iqtisadiyat üzrə Nobel mükafatçıları haqqında təqdimatlar olacaq, beynəlxalq qrant layihələrinə müraciət qaydaları və onların idarə olunması üzrə təlim keçiriləcək.