Nobel Sülh mükafatçısı Məhəmməd Yunus Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
Yunus Sosial Biznes Mərkəzinin açılışında iştirak edən Nobel mükafatçısı UNEC rektoru professor Ədalət Muradov, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Xalq yazıçısı Çingiz Abdullayevin iştirakı ilə mərkəzin açılış lentini kəsib və mərkəzlə tanış olub.
Rektor Ədalət Muradov mərkəzin yaradılmasının məqsədi və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, mərkəz tələbə gənclər arasında sosial biznes ideyasını təşviq etmək məqsədilə yaradılıb. Mərkəzdə Azərbaycanda və regionda sosial biznes ideyasının inkişafını dəstəkləmək üçün akademik görüşlər, seminar, diskussiya keçiriləcək və tədqiqatlar aparılacaq. Eyni zamanda, təcrübə, tələbə mübadilə proqramları, akademik debatlar, eləcə də könüllü fəaliyyətlər həyata keçiriləcək.
Akademik İsa Həbibbəyli isə Azərbaycanda elm və təhsil üzrə beynəlxalq əlaqələrdən danışıb. UNEC-in bu istiqamətdə böyük uğurlar qazandığını diqqətə çatdıran AMEA rəhbəri ali təhsil müəssisəsində Yunus Sosial Biznes Mərkəzinin yaradılmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Nobel Sülh mükafatı laureatı professor Məhəmməd Yunus yenidən UNEC-də olmaqdan məmnunluğunu ifadə edərək, sosial biznes sahəsində bacarıqlı gənc tədqiqatçıların yetişməsinin əhəmiyyətini qeyd edib. O, Yunus Sosial Biznes Mərkəzinin bu istiqamətdə tələbə gənclərə böyük stimul verəcəyini deyib. M.Yunus Biznes Mərkəzində ilk mühazirəsini də sosial biznes sahəsində qarşıda duran problemlərə həsr edib.
Sonda suallar cavablandırılıb.
Qeyd edək ki, açılış mərasimində Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini Vaqif Bəhmənli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu, UNEC-in rəhbər heyəti və əməkdaşları iştirak ediblər.