Elm və Təhsil Nazirliyinin  “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsində uğur qazanan “Məktəbəqədər təhsil müəssisələrində sağlam emosional mühitin yaradılması” layihəsinin icrasına start verilib.

        

Layihə barədə “Azərbaycan müəllimi”nə danışan “Müasir Azərbaycan Psixoloqları” İctimai Birliyinin sədr müavini fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov  Bakı və Abşeronun  10 məktəbəqədər  təhsil müəssisəsində  6 ay ərzində, ümumilikdə 36 saatlıq təlimin həyata keçilməsinin nəzərdə tutulduğunu deyib: “Müasir Azərbaycan Psixoloqları” İctimai Birliyinin bu layihəsi  çərçivəsində   artıq ilk təlimlər  24 və 26 saylı körpələr evi-uşaq bağçalarında keçirilib. Təlimlərdə  tərbiyəçi-müəllimlər və məktəbəqədər təhsil müəssisələrinin müdirləri iştirak ediblər. Qeyd edim ki, Psixologiya Elmi -Tədqiqat İnstitutunun psixoloqları  tərəfindən keçirilən təlimlərdə iştirakçılar fəallıqları ilə seçilirdilər. Təlimlərdə məktəbəqədər yaş dövrünün psixoloji xüsusiyyətləri, psixoloji inkişaf dövrləri, tərbiyəçi müəllimlərin psixoloji vəziyyətləri, əmək fəaliyyətlərindəki yorğunluqlar, psixoloji sıxıntıların təsiri və s.  məsələlər müzakirə olunmaqla yanaşı, geniş  diskussiya və fikir mübadiləsi aparılıb”.

    

Elnur Rüstəmov  həyata keçirilən layihənin əsas məqsədinin  məktəbəqədər təhsil prosesində  uşaq fəaliyyətinin təmin olunması, bacarıqlarının və onların inkişaf etməsi üçün müvafiq təhsil alma şəraitinin yaradılması nəticəsində sağlam emosional mühitin formalaşdırılması olduğunu söyləyib.   

       

Bildirilib ki, “Məktəbəqədər təhsil müəssisələrində sağlam emosional mühitin yaradılması”  layihəsi  məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllimlərinə məktəbəqədər yaş dövrünün əsas psixoloji xüsusiyyətlərini daha dərindən  öyrənmələrinə yardımçı olmaqla yanaşı, eyni zamanda onların  məktəbəqədər dövrdə normal psixi inkişafın göstəriciləri,  neyroinkişaf pozuntuları haqqında məlumatlar   əldə etmələrinə,  bu dövrdə uşaqlarda rast gəlinən DƏHP (diqqət əksikliyi və hiperaktivlik pozuntusu) və onun psixokorreksiya texnikaları haqqında  müəyyən biliklər əldə etmələrinə kömək göstərəcək: “Layihə iştirakçıları, həmçinin  mütəxəssislərimizin  məktəbəqədər dövrdə uşaqlarda rast gəlinən davranış pozuntuları zamanı düzgün psixopedaqoji yanaşma, ünsiyyət pozuntuları, adaptasiya çətinliyi və bu problemlər zamanı tətbiq olunan psixopedaqoji  texnikalar haqqında, o cümlədən ailələr ilə aparılacaq işlər və digər məsələlərlə bağlı  məsləhət və tövsiyələrindən  də faydalanacaqlar”.

         

Məlumat üçün bildirək ki, iyul ayında yekunlaşacaq “Məktəbəqədər təhsil müəssisələrində sağlam emosional mühitin yaradılması” layihəsinin  icrası zamanı elmi-tədqiqat işi də  həyata keçiriləcək. Alınan nəticələr layihənin davamlılığı olaraq görüləcək işlərdə əsas prioritet kimi nəzərdə tutulacaq.

    

    

Samirə KƏRİMOVA