Qaydalara əsasən, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş təhsilverənlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün test mərhələsinin davametmə müddəti 60 dəqiqə artırılır.

 

Əlilliyi olan müəllim Jalə Zərquliyeva 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanlarında, 2023-cü ildə isə sertifikatlaşdırma prosesində iştirak edib və hər ikisindən 54 bal toplayıb.

 

32 ildir müəllim işləyən Leylan Kərimova da sertifikatlaşdırma imtahanında uğurla iştirak edib.

 

61 yaşlı müəllim Famil Hacıyev də sertifikatlaşdırmada iştirak edib: “İmtahana gedəndə yaxınlaşıb kömək istədim. Mənə oxucu ayırdılar. Həmin şəxs həm gözüm oldu, həm əlim. Ancaq xarici ölkələrdə xüsusi proqram tətbiq edərək əlilliyi olan şəxsləri imtahanda asılılıqdan xilas edirlər. Arzulayardıq ki, bizdə də, həm buraxılış və qəbul imtahanlarında, həm də müəllimlərin işə qəbulu və sertifikatlaşdırılması imtahanlarında belə proqramlar tətbiq edilsin. Amma tətbiq edilməməsi də bizə problem yaratmır. Məsələn, imtahanda əlavə 1 saat vaxt ayrılmışdı, mən o saatdan istifadə etmədən 36 bal topladım”.

 

 

 

2024-cü ildə Azərbaycan orta ümumtəhsil məktəblərində çalışan  31 min müəllim sertfikatlaşdırma prosesinə cəlb olunacaq.  Gələn ildən isə həm də tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılması başlayacaq.  Bəs, bu prosesdə əlilliyi olan şəxslərə hər hansı güzəşt nəzərdə tutulurmu?

 

Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi” qəzetinin sorğusuna cavab olaraq bldirilib ki, dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli  Qərar ilə tənzimlənir. Həmin qərara görə, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) sertifikatlaşdırılmada iştirak etməyəcək. Bundan başqa, yeni işə qəbul olunanlar da işdə 3 ili tamam olana qədər sertifikatlaşdırma prosesindən azaddırlar. 60 və daha yuxarı yaşda olan təhsilverənlərin sertifikatlaşdırmada iştirakı isə könüllüdür.

 

Həmin qərarda əlillərlə bağlı hər hansı güzəşt nəzərdə tutulmayıb.

 

Lakin əlilliyi olan şəxslərə sertifikatlaşdırmanın test mərhələsində iştirakının təmin edilməsi üçün əlverişli şərait yaradılır.

 

İnsan Resursları Mərkəzindən “Azərbaycan müəllimi” qəzetinə verilən məlumata görə, indiyədək sertifikatlaşdırma prosesinə 29 nəfər gözdən əlilliyi müəyyən olunmuş şəxs cəlb olunub.

 

 Ruhiyyə DAŞSALAHLI