Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Türkiyənin Çanaqqala 18 Mart Universitetinin rektoru professor Dr. Ramazan Cüneyt Erenoğlu ilə görüşüb.
Görüşdə çıxış edən akademik İ.Həbibbəyli tarixi köklərə malik Azərbaycan-Türkiyə dostluq, qardaşlıq münasibətlərinin müasir dövrdə yeni mərhələyə qədəm qoyduğunu və bu əlaqələrin təməlində Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərinin dayandığını söyləyib. Qeyd edib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sıx dostluq münasibətləri sayəsində əməkdaşlığımız strateji müttəfiqlik səviyyəsinə yüksəlib, ölkələrimizin bütün qurumları, o cümlədən elmi qurumları arasında sıx əlaqələr yaranıb.
Akademik diqqətə çatdırıb ki, AMEA son illərdə Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK), Türkiyə Elmlər Akademiyası (TUBA), Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, digər akademik və ali təhsil müəssisələri ilə intensiv əməkdaşlıq edir. İ.Həbibbəyli qeyd edib ki, ölkəmizdə elm və təhsil sahəsində aparılan islahatlardan sonra Elmlər Akademiyası öz tabeliyində humanitar və ictimai elmləri, o cümlədən Respublika Seysmoloji Xidmət Mərkəzini əhatə edir və bu istiqamətlərdə Çanaqqala 18 Mart Universiteti ilə əməkdaşlıq etməyə hazırdır.
Dr. Ramazan Cüneyt Erenoğlu isə rəhbərlik etdiyi Çanaqqala 18 Mart Universiteti və burada aparılan tədqiqatlar barədə məlumat verib. O, ədəbiyyat, tarix, arxeologiya, siyasi elmlər, seysmologiya sahələrində və birgə doktorantura hazırlığında AMEA ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Çıxışlardan sonra Azərbaycan Milli Elmlər Akademiyası ilə Çanaqqala 18 Mart Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.