Layihə çərçivəsində növbəti görüş Quba rayonunda keçirilib


Quba rayon Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin şagirdləri, müəllimləri və valideynlər ilə görüş keçirilib.

 

Görüşün əsas məqsədi Təhsilin İnkişafı Fondu ilə “Inci Group of Companies” şirkətinin birgə həyata keçirdiyi “Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində Quba-Xaçmaz Regional Təhsil İdarəsinə kitabların təhvil verilməsi olub.

 

Görüşdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, “Inci Group of Companies” şirkətinin təsisçisi Mikayıl Yusifov iştirak ediblər.

 

Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev bu cür layihələrin şagirdləri dərsliklərdən əlavə, ədəbiyyat oxumağa həvəsləndirdiyini xüsusi vurğulayıb.

 

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov görüşdə Fondun yaranması, əsas fəaliyyət istiqamatləri, hazırda icra edilən layihələr haqqında məlumat verib. Fondun dövlət-özəl tərəfdaşlığını təşviq etdiyini bildirən sədr  layihə haqqında ideyanın yarandığı ilk günlərdən “Inci Group of Companies” şirkətinin dəstəyini vurğulayıb. E.Nəsibov dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihə müddətində ümumi ianə edilən kitabların sayının 4800 ədəd olduğunu bildirib.

 

“Inci Group of Companies” şirkətinin təsisçisi Mikayıl Yusifov deyib ki, şirkət gələcəkdə də məktəbin şagirdləri, əlaçıları üçün həvəsləndirici hədiyyələr verməyə,  kitablar ianə etməyə hazırdır.