Avropa Parlamenti süni intellekt (Sİ) haqqında dünyada ilk qanunu qəbul edib.

 

Yeni qaydalar vətəndaşların hüquqlarını təhdid edən Sİ tətbiqinin müəyyən formalarını, məsələn, həssas xüsusiyyətlər əsasında biometrik təsnifat sistemləri və üz tanıma məlumat bazalarının yaradılması üçün internetdən üz şəkillərinin və ya videomüşahidə kamera qeydlərinin qeyri-selektiv çıxarılmasını qadağan edir. İş yerində və məktəbdə duyğuların tanınması, sosial reytinq və insan davranış məlumatlarını manipulyasiya edən və ya insanların zəifliklərini istismar edən süni intellekt də qadağandır.

 

Qanun, həmçinin digər yüksək riskli süni intellekt sistemləri üçün (onların sağlamlığa, təhlükəsizliyə, əsas hüquqlara, ətraf mühitə, demokratiyaya və qanunun aliliyinə əhəmiyyətli dərəcədə zərər verdiklərinə görə) dəqiq öhdəliklər nəzərdə tutur. Yüksək riskli Sİ-nin istifadəsinə kritik mühüm infrastruktur, təhsil və peşə hazırlığı, məşğulluq, əsas dövlət və özəl xidmətlər (məsələn, səhiyyə və ya bankçılıq), bəzi hüquq-mühafizə sistemləri, miqrasiya və sərhəd idarəçiliyi daxildir.

 

Qanun yekun hüquqi-linqvistik yoxlamadan keçməlidir, sonra isə onu Avropa Şurası təsdiq edəcək.

 

Qanun Avropa İttifaqının rəsmi jurnalında dərc edildikdən 20 gün sonra qüvvəyə minəcək, iki il sonra isə tam tətbiq ediləcək.

 

Azərtac