Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “İmtahan həyəcanının səbəbləri və aradan qaldırılması yolları” mövzusunda seminarlar keçirilib.

 

Paytaxtın 12 inzibati rayonu üzrə keçirilən seminarlarda Təlimə Dəstək Mərkəzinin (TDM) Psixoloji xidmətin təşkili bölməsinin müdiri Səidə Əhmədova və bölmənin metodisti Aysel Novruzova tərəfindən müvafiq tövsiyələr verilib.

 

IX-XI sinif şagirdlərinin imtahanqabağı keçirdikləri həyəcan və təşvişin aradan qaldırılması yolları haqqında ümumi təhsil müəssisələrində fəaliyyət göstərən psixoloqlar təlimatlandırılıb, onlara bu mövzuda alətlər təqdim olunub.

 

Psixoloji xidmətin təşkili bölməsinin metodisti Aysel Novruzova  “Azərbaycan müəllimi”nə bildirib ki, seminarlarda şagirdlərin də iştirakı təmin olunub. Seminarların sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib. O,  həyəcanın imtahandan əvvəl öyrənilən məlumatların imtahan zamanı səmərəli istifadəsinə mane olan və müvəffəqiyyətin azalmasına səbəb güclü narahatlıq olduğunu deyib: “İmtahan həyəcanı psixoloji, fizioloji və emosional əlamətlərlə üzə çıxır.  Bu narahatlığa görə insan tez-tez özünə mənfi mesajlar göndərir. Müxtəlif texnikalar və metodlarla həyəcanı və mənfi düşüncələri bədəndən və zehindən atmaq mümkündür”.

 

A.Novruzova diqqətə çatdırıb ki, mərkəz seminarda iştirak edən və imtahanlarda uğur qazanan onbirincilərlə yaxın günlərdə buraxılış imtahanı verəcək doqquzuncuların görüşünü təşkil etməyi planlaşdırır. Görüşün məqsədi onbirincilərin imtahan təcrübəsini doqquzunculara aşılaqmaqdan ibarətdir.

                                                                          

Niyazi RƏHİMOV