Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “AIESEC Azərbaycan” beynəlxalq gənclər təşkilatının infosessiyası keçirilib.
İnfosessiya zamanı təşkilat tərəfindən keçirilən “Global talent”, “Global volunteer” və “Global partners” təcrübə proqramlarından danışılıb. Bildirilib ki, proqramları bitirən şəxslər işlə təmin oluna və beynəlxalq sertifikat əldə edə bilərlər. Tədbirdə proqramlara müraciət və işə qəbul qaydaları ilə bağlı da tələbələrə ətraflı məlumat verilib.
Sonra tələbələrin proqramlarla bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, AIESEC dünyanın 126-dan çox ölkəsində fəaliyyət göstərir. Təşkilatın Azərbaycanda fəaliyyəti isə 2006-cı ildən başlayıb. Təşkilatın əsas məqsədi gənclərin liderlik potensialını aşkarlamaq, onların inkişafına töhfə vermək, müxtəlif proqramlar vasitəsilə onlara beynəlxalq təcrübə keçmək şansı yaratmaqdır.