7 aprel tarixində Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (KBRM) keçiriləcək.
Təhsil İnstitutundan bildirilib ki, müsabiqədə iştirak etmək istəyən şagirdlər https://kenquru24.az/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, sözügedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində “Həll edirik, öyrənirik, əylənirik” şüarı altında təşkil olunur.
1. Müsabiqə 2 mərhələdən ibarət olacaq.
2. Müsabiqədə iştirak edən bütün şagirdlərə iştirakçı sertifikatı təqdim ediləcək.
3. Hər sinif üzrə ən yaxşı nəticə göstərən 10% şagirdə diplom təqdim olunacaq.
4. Hər sinif üzrə 18 nəfər (3 qızıl, 6 gümüş və 9 bürünc medal olmaqla) şagird qalib elan ediləcək.
5. Təşkilat komitəsi tərəfindən qaliblərə ödənişsiz “Kenquru riyaziyyat” yay düşərgəsi təşkil olunacaq.
6. Birinci mərhələdə ən yaxşı nəticə göstərən 5% şagird final mərhələsinə vəsiqə qazanacaq.
Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır. Müsabiqə qapalı tipli test tapşırıqlarından ibarətdir. Azərbaycan, rus və ingilis dillərində keçiriləcək və 90 dəqiqə davam edəcək. Müsabiqədə iştirak ödənişlidir. Şagirdlər yuxarıda qeyd edilən sayt vasitəsilə qeydiyyatdan keçməli və buraxılış vərəqəsini çap etməlidir.