Böyük Britaniyanın “Times Higher Education World University Rankings” nəşrinin apardığı 2024-cü il üzrə dünyanın ən yaxşı ali təhsil müəssisələrinin təhlili göstərir ki, nüfuzlu 200 universitetdən 50-nə hazırda qadınlar rəhbərlik edir. Bu, keçən il qadınların rəhbərlik etdiyi 48 universitetdən artıqdır və hazırda dünyanın ən yaxşı 200 universitetinin dörddə birinə bərabərdir.
Amerika Birləşmiş Ştatlarının “Sarmaşıq Liqası”nın dörd nüfuzlu universitetinə - Kolumbiya Universiteti, Dartmut Kolleci, Kornell Universiteti və Braun Universitetinə qadınlar rəhbərlik edir. Niderland, ABŞ, Almaniya və Böyük Britaniya qadınların rəhbərlik etdiyi çox sayda universitetə malik ölkələrdəndir.
Aşağıda 10 ən yaxşı universitetin qadın rəhbərlərinin nailiyyətlərinə və onları indiki yerə gətirən uğur səyahətlərinə nəzər salırıq.
1. İren Treysi - Oksford Universiteti
Neyrobioloq İren Treysi 2023-cü ildə Oksford Universitetinin vitse-kansleri olub. O, Oksforddakı Merton Kollecində biokimya üzrə bakalavr və magistr dərəcəsi alıb. Bundan sonra Harvard Tibb Məktəbində postdoktoranturaya yiyələnib.İ.Treysi 1997-ci ildə Oksforda qayıdıb və beyin funksional maqnit-rezonans tomoqrafiyasının (indiki Wellcome Center for Integrative Neuroimaging) qurucularından biri olub. Krayst-Çerç kollecində fiziologiya, anatomiya və genetika kafedrasında daimi vəzifə tutub, sonra isə anesteziya kafedrasına keçib. Treysi hələ də Nuffield Klinik Neyrologiya Departamentində anestezik nevrologiya professorudur.
2. Salli Kornblut -Massaçusets Texnologiya İnstitutu
Salli Kornblut 2023-cü ilin yanvarında Massaçusets Texnologiya İnstitutunun (MİT) 18-ci prezidenti seçilib. O, MİT-in 162 illik tarixində yalnız ikinci qadın liderdir. Kornblutun akademik təcrübəsi hüceyrə biologiyasına aiddir. O, Kembric Universitetində siyasi elmlər dərəcəsi alıb, sonra isə Rokfeller Universitetində molekulyar onkologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini əldə edib, əvvəllər isə Dyuk Universiteti Tibb Məktəbində farmakologiya və xərçəng biologiyası professoru olub.
3. Debora Prentis - Kembric Universiteti
Debora Prentis 2023-cü ilin iyul ayında Kembric Universitetinin vitse-kansler vəzifəsinin icrasına başlayıb. Stenford Universitetində insan biologiyası və musiqisini öyrənib, onun akademik təcrübəsi psixologiya sahəsindədir. Daha sonra o, Yale Universitetində psixologiya üzrə magistr təhsilini davam etdirərək 1989-cu ildə fəlsəfə doktoru dərəcəsi qazanıb. D. Prentisin tədqiqatı insan davranışında sosial normaların öyrənilməsinə yönəlib.
D.Prentis öz karyerasına Prinston Universitetində dosent kimi başlayıb, daha sonra fakültə dekanı olub.
4. Kerol Krist - Kaliforniya Berkli Universiteti
Kerol Krist 2017-ci ilin iyulunda Kaliforniya Berkli Universitetinin ilk qadın rektoru seçilib. O, bu vəzifədə Nikolas Dirksi əvəz edib. 1994-2000-ci illərdə Berklinin icraçı vitse-kansleri və prorektoru vəzifələrində çalışıb. Daha sonra “Smith College” Liberal İncəsənət İnstitutunun prezidenti olub. O, Viktoriya ədəbiyyatının tanınmış tədqiqatçısıdır. Berklidə prezidentlik vəzifəsinin icrasına başlayandan ali məktəbin kampusunda cinsi zorakılığı və cinsi təcavüzü hədəf almağa və tələbələr üçün uzunmüddətli yaşayış mühiti yaratmağa çalışıb. 2024-cü ilin iyun ayının sonunda bu vəzifəni tərk edəcək.
5. Minuş Şafik - Kolumbiya Universiteti
Təhsil üzrə iqtisadçı Minuş Şafik beynəlxalq təşkilatlarda və hökumətdə, o cümlədən Ümumdünya Bankı və Böyük Britaniyanın Beynəlxalq İnkişaf Departamentində bir sıra vəzifələrdə çalışıb. O, həmçinin Corctaun Universitetində elmi vəzifələrdə işləyib. 2015-ci ildə Britaniya İmperiyası Ordeninə layiq görülüb, əvvəllər London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin direktoru olub.
M.Şafik 2023-cü ilin iyulunda Kolumbiya Universitetinin prezidenti olub.
6. Marta Pollak - Kornel Universiteti
Əvvəllər Miçiqan Universitetinin prorektoru olan Marta Pollak 2017-ci ildə Kornell Universitetinin 14-cü prezidenti vəzifəsinə təyin olunub. Onun tədqiqat ixtisası süni intellektdir; planlama, təbii dilin işlənməsi və koqnitiv yardım üçün fəaliyyətin tanınması sahəsində işlərə töhfə verib. Miçiqan Universitetində olarkən M.Pollak elm və mühəndislik sahəsində qadınların və az təmsil olunan azlıqların təmsilçiliyini və onlara dəstəyi artırmaq səylərinə görə “Goddard Power” mükafatına layiq görülüb.
7. Ana Mari Kos -Vaşinqton Universiteti
Ana Mari Kos Vaşinqton Universitetinin ilk qadın daimi prezidenti, həmçinin ilk latın amerikalı lideridir. 1986-cı ildən Vaşinqton Universitetinin fakültə üzvü olan Ana Mari Kos 2015-ci ilin martında müvəqqəti prezident kimi çalışıb və 2015-ci ilin oktyabrında prezident təyin edilib. Onun akademik ixtisası psixologiyadır; psixologiya üzrə magistr dərəcəsi və 1982-ci ildə Yale Universitetində fəlsəfə magistri dərəcəsi qazanıb.
Ana Mari Kos fəal şəkildə müəllimliklə də məşğuldur, bakalavr və aspirantlara dərs deyir və onlara mentorluq edir. O, universitetin “Husky Promise” proqramının yaradılmasına kömək edib. Proqram Vaşinqton ştatının uyğun tələbələrinə tam təhsil almağa zəmanət verir. O, həmçinin 2015-ci ildə işçiləri və tələbələri irqçilik və bərabərsizliklə mübarizədə şəxsi məsuliyyət daşımağa təşviq etmək üçün Yarış və Bərabərlik Təşəbbüsünü başladıb.
8. Linda Mills - Nyu York Universiteti
Linda Mills 2023-cü ilin iyulunda Nyu- York Universitetinin 17-ci prezidenti seçilib. L.Mills İrvine Kaliforniya Universitetində tarix və sosial düşüncə üzrə bakalavr dərəcəsi, San-Fransiskodakı Kaliforniya Hüquq Kollecindən hüquq doktoru, San- Fransisko Dövlət Universitetində sosial iş üzrə magistr və Brandeis Universitetindən səhiyyə siyasəti üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. O, ilk dəfə 1999-cu ildə Nyu- York Universitetində sosial iş üzrə dosent kimi işə başlayıb. Bundan sonra universitetdə bir sıra vəzifələrdə çalışıb.
9. Frauke Melxior - Heydelberq Universiteti
Frauke Melxior 2023-cü ilin oktyabrında Heydelberq Universitetinin rektoru vəzifəsini tutub və növbəti altı il ərzində bu vəzifədə qalacaq.
F.Melxior Marburq Universitetində və Bristol Universitetində kimya üzrə təhsil alıb. Göttingendəki Maks Plank adına Biofiziki Kimya İnstitutunda və Kaliforniyanın La Jolla şəhərindəki Skripps Tədqiqat İnstitutunda postdoktorant tədqiqatçı kimi çalışıb. Daha sonra 2008-ci ildə ZMBH-də molekulyar biologiya üzrə professor kimi tədqiqatını davam etdirmək üçün Heydelberq Universitetinin Bioelmlər fakültəsində fəaliyyət göstərib. 2021-ci ilin aprel ayından etibarən Helmholtz Assosiasiyasının tədqiqat mərkəzlərindən biri olan Forschungszentrum Jülich-ə keçib. Mərkəzin İdarə Heyətinin üzvüdür.
10. Annika Vernerson – Karolinsk İnstitutu
Annika Vernerson 1991-ci ildə Karolinsk İnstitutuna gəlib və buranı tibb dərəcəsi ilə bitirib. Vernersonun tibbi araşdırmaları xroniki böyrək xəstəliyi olan xəstələrə yönəlib və o, tibbi jurnallarda bu vəziyyətlə bağlı çoxsaylı məqalələr dərc etdirib. A.Vernerson 2011-ci ildə fakültəyə qoşulduqdan sonra Karolinska İnstitutunda bir sıra təhsil proqramları üzrə dərs deyib. Həmçinin universitetin xəstəxanasında klinisist və məsləhətçi kimi çalışıb.
Oruc MUSTAFAYEV