Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə İdarədə çalışan xanım əməkdaşlar təbrik olunub.

 

Tədbirdə Elm və Təhsil Nazirliyinin Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, İdarənin müdir müavinləri Hüseyn Əsgərov, Xəyalə Əhmədova, Anar Məmmədov, İdarənin struktur bölmə rəhbərləri və xanım əməkdaşları iştirak ediblər.

 

Nərminə Hüseynova kollektivin qadın üzvlərini əlamətdar gün münasibətilə təbrik edib, onlara xoş arzularını bildirib. Azərbaycanda qadınlarla bağlı həyata keçirilən dövlət siyasətinin əhəmiyyətini vurğulayan N.Hüseynova çalışdıqları sahələrindən asılı olmayaraq qadınların uğurlu fəaliyyətləri ilə dövlətçiliyimizə öz töhfələrini verdiklərini, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sferalarda mühüm nailiyyətləri ilə ölkəmizin hərtərəfli inkişafına dəstək olduqlarını söyləyib.

 

Qadınların təhsil sahəsində də öncül mövqe tutduğunu qeyd edən N.Hüseynova bildirib ki, millətin gələcəyi olan təhsilin yetirdiyi gənclik üzərindəki məsuliyyət daha çox qadının üzərindədir- həm ana, həm də müəllim kimi.

 

Qadınlara səmimi arzularını bildirən BŞTİ-nin müdir müavinləri Hüseyn Əsgərov və Anar Məmmədov təhsil sektorunda mühüm nailiyyətlərin əldə edilməsində, cəmiyyətdə və ailədə milli-mənəvi dəyərlərin formalaşması, inkişafı və qorunmasında qadınların müstəsna rolundan danışıblar. Biidiblər ki, Azərbaycan qadınları tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, yenilməzlik nümunəsi olub, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirib, cəmiyyətdə fəal mövqe tutublar.

 

Sonda 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə idarənin xanım əməkdaşlarına BŞTİ-nin hədiyyələri təqdim olunub.