Finlandiya dünyanın ən uğurlu təhsil sistemlərindən birinə malikdir. Bu səbəbdən də təəccüblü deyil ki, Finlandiyada bullinqin, zorakılığın qarşısının alınması ilə bağlı olduqca effektiv proqram hazırlanaraq həyata keçirilir.

 

Əgər zorakılıq görsəniz nə edərdiniz?

 

Finlandiyada xeyli müddətdir insanlara bu sual verilir və onların verdiyi cavablar bullinqlə mübarizədə çox vacib məqamdır.

 

Finlandiyanın bullinqlə mübarizə proqramı qısaldılmış şəkildə KiVa adlanır və “kiusaamista vastaan”, yəni “zorbalığa qarşı” deməkdir. KiVa Anti-bullinq Proqramı Finlandiyanın Təhsil və Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Turku Universitetində hazırlanıb və məqsədi zorakılığın qarşısını almaq, zorakılıq hallarını effektiv şəkildə həll etməkdir. Proqram zorakılığa və onun mexanizmlərinə dair onilliklər ərzində aparılmış geniş tədqiqatlara əsaslanır. KİVa bullinqlə mübarizə aparmaq üçün məktəblərə təqdimat qrafikindən tutmuş hazır dərs planlarına qədər geniş çeşiddə konkret alətlər və materiallar təklif edir. Bu proqram sübutlara əsaslanır, yəni KiVa-nın effektivliyi elmi şəkildə sübut edilib. Müxtəlif təhlillərə əsasən məlum olur ki, proqram artıq zorakılığa məruz qalmış uşaqlarda belə depressiyanı azaltmağa və özünə hörməti artırmağa köməklik göstərir.

 

KiVa müəllimlər və valideynlər üçün alətlər və sinifdaxili dərslər kimi bir çox müxtəlif resursları özündə ehtiva edir. Lakin ən maraqlı cəhətlərdən biri proqramın ətrafdakılara bullinq hallarına rast gəldikləri, gördükləri təqdirdə nə etməli olduqlarını öyrətməyə necə diqqət yetirməsidir. Müəllimlər həmişə şagirdlərin yanında, ətrafında olmaya bilər. Bu səbəbdən də onlar hər zaman köməyə gələ bilmirlər. Şagirdlər isə çox vaxt bullinqin şahidi olurlar və bu halda mütləq hadisəyə müdaxilə edib kömək etməlidirlər.

 

Los Ancelesdə yerləşən Kaliforniya Universitetinin (UCLA) professoru Cena Cuvonen KiVa-nın effektivliliyinin təhlilinə həsr olunmuş press-relizində qeyd edir:"İlk dəfədir nəticələr göstərir ki, şahidləri kömək etməyə, dəstək göstərməyə sövq edərək bullinqin qarşısını almaq mümkündür". Cuvonenin təhlilinə əsasən, KiVa müəyyən bir şagird və tələbənin zorakılığa məruz qalma ehtimalını təxminən üçdə birdən yarıya qədər azaldır.

 

Bullinqlə mübarizədə virtual oyunlar

 

KiVa-nın ətrafdakılara empatiya hissini öyrətməsinin ən maraqlı yollarından biri kompüter oyunları və simulyasiyalardır. Oyunlarda uşaqlar məktəbdə rastlaşa biləcəkləri müxtəlif zorakılıq vəziyyətlərinə həsr edilən cizgi filmi avatarlarına nəzarət edirlər. Oyun proqramları bullinqdə "özünü seç" macəra hekayələri kimidir və uşaqlara virtual şəraitdə müəyyən hərəkətlərin hansı nəticələrinin ola biləcəyini görməyə imkan yaradır. Həmçinin, şagirdlərə zorakılığa məruz qalan birinə nə deyəcəkləri ilə bağlı məsləhətlər və rəylər verilir.

 

KiVa-nın Beynəlxalq Layihə Meneceri Cohanna Alanen  bu cür kompüter oyunlarının şagirdlərin təlimləndirilməsində rolunu belə izah edir: “Məsələn, uşaqlar zorakılıq hadisəsinin şahidi ola bilərlər və bu an nə edəcəklərinə qərar verməlidirlər - qurbanı müdafiə etmək və ya başqa bir hərəkət. Qurbanı necə müdafiə etməyin müxtəlif variantları var. Uşaqların seçimlərinin nəticələri onları yeni vəziyyətlərə gətirib çıxarır. Oyun zamanı şagirdlər kiməsə necə xoş davranmağı və qrupa daxil olmaq istəyən və ya məktəbdə yeni olan birinə necə gözəl sözlər deyə biləcəyini məşq edə bilərlər.Uşaqlardan müəyyən vəziyyətlərdə nə edəcəklərini soruşmaqla və bu barədə rəy və məsləhətlər verməklə, proqram şagirdlərə zorakılıq qurbanlarına qarşı daha empatik və dəstək olmağı öyrədə bilər. Bizə daxil olan məlumatlar proqramın yaxşı işlədiyini göstərir”.

 

Hazırda KiVa Anti-bullinq Proqramı Finlandiyanın zorakılığa qarşı milli proqramı olaraq qəbul edilib. Proqram KiVa lisenziyalı tərəfdaş təşkilatlar tərəfindən qlobal şəkildə yayılmaqdadır və Estoniya, Belçika, Fransa, İtaliya, İspaniya, İsveç, İsveçrə, Latviya, Niderland, Böyük Britaniya, Qazaxıstan, Cənubi Afrika kimi digər ölkələrdə də sınaqdan keçirilir.

 

Finlandiyada bullinqə qarşı mübarizə üsullarının qiymətləndirilməsi

 

Finlandiyanın Təhsili Qiymətləndirmə Mərkəzi (FINEEC) 2021-2022-ci illərdə bullinqə qarşı mübarizə üsullarının qiymətləndirilməsini həyata keçirib. Nəticədə KiVa ilə yanaşı zorakılığa qarşı mübarizə aparan altı başqa üsul da nəzərdən keçirilib. Bu qiymətləndirmə Finlandiyada zorakılıq və təcavüzün qarşısının alınması üzrə Təhsil və Mədəniyyət Nazirliyinin əməliyyat proqramının bir hissəsidir. Qiymətləndirmənin məqsədi müxtəlif metodları müqayisə etmək deyil, onların effektiv təcrübələri haqqında məlumat yaymaq və inkişaf etdirilməsinin zəruriliyini vurğulamaqdır.

 

Finlandiyada bullinqə qarşı tətbiq edilən mübarizə tədbirləri aşağıdakılardır:

 

1. Məktəblər zorakılığın qarşısının alınması işində mübarizə üsullarının rolunu aydınlaşdırmalıdır.

2. Bullinqə müdaxilə üsulları görünən olmalıdır.

3. Məktəblər zorakılığa qarşı iş üçün kifayət qədər resursları ehtiyatda saxlamalıdır.

4. Müxtəlif anti-bullinq üsullarının eyni vaxtda istifadəsi onların inkişafında daha effektiv nəzərə alınmalıdır.

5. Metodların davamlı olaraq qiymətləndirilməsi inkişaf etdirilməlidir.

6. Məktəblərin zorakılığa qarşı işində şagirdlərin və qəyyumların rolu gücləndirilməlidir.

 

Bullinqin aradan qaldırılması çətin olan çoxillik problemdir. Finlandiyanın KiVa Anti-bullinq Proqramı göstərir ki, hətta gənc yaşda da empatiya dünyanı daha yaxşı bir yerə çevirmək üçün ən təsirli vasitələrdən biridir.

 

Lamiyə ƏLİMƏRDANOVA