Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində keçirilən keyfiyyət monitorinqlərinin nəticələrinin müzakirəsinə dair görüş keçirilib.

 

Görüşdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Orxan Abbasov, MÜTDA-nın Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) keyfiyyət monitorinqləri üzrə koordinatoru Nəcməddin Mehdiyev, BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə, Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə, keyfiyyət monitorinqləri aparılmış 31 ümumi təhsil müəssisəsinin direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavinləri iştirak edib.

 

MÜTDA-nın direktor müavini Orxan Abbasov təhsildə keyfiyyətin artırılmasının aktuallığına toxunub və monitorinqlərin keçirilməsində əsas məqsədin təhsilin keyfiyyətli təşkilini təmin etməkdən ibarət olduğunu bildirib. Keyfiyyətə nəzarət məqsədilə inspeksiyaların təşkilini və nəticə ilə bağlı təhlillərin aparılmasını perspektiv addımların və qarşıda duran vəzifələrin müəyyənləşdirməsində mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb.

 

TKTA-nın keyfiyyət monitorinqləri üzrə koordinatoru Nəcməddin Mehtiyev “Keyfiyyət monitorinqlərinin məqsədi və mövcud reallıqlar” mövzusunda məruzə edib.

 

BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə ümumi təhsil müəssisələrində aparılan monitorinqlərin nəticələri ilə bağlı təqdimatla çıxış edib.

 

Görüş müzakirələrlə başa çatıb.