Levent Eraslan: “Təhsil jurnalistləri gündəmi tutmağı bacarmalı, bundan əlavə köhnəlmiş xəbərlərdən də yeni gündəm yaratmalıdırlar”
Azərbaycan Texniki Universitetinin Davamlı İnkişaf Mərkəzində Elm və Təhsil Nazirliyinin dəstəyi, Tərəfsiz Jurnalistlər İctimai Birliyinin təşkilatçılığı ilə “Təhsil mediada: Düzgün baxışın formalaşdırılması üsulları” layihəsi çərçivəsində təlim keçirilib.
Təlimdə müxtəlif media qurumlarının təhsil mövzusunda xəbərlər hazırlayan əməkdaşları iştirak ediblər.
Layihənin əsas məqsədi təhsildən yazan jurnalistlərin təsnifatlandırılması, onların təhsil qurumları və bu səhənin mütəxəssisləri ilə səmərəli fəaliyyətinin təmin edilməsi üçün faydalı müzakirələrin aparılmasıdır.
Təlimi giriş nitqi ilə açan AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı təhsildən yazan jurnalistlərin ixtisaslaşmasının vacibliyindən bəhs edib və təlimin media nümayəndələri üçün faydalı olduğunu diqqətə çatdırıb.
Daha sonra SODİMER-in rəhbəri Levent Eraslan təhsil jurnalistikasının məqsədindən söz açaraq təhsil sahəsində ortaya çıxan mövcud məlumat və faktların düzgün şərh edilməsi, qiymətəndirilməsi ilə bağlı mühüm məqamlardan danışıb:
"Təhsil jurnalistləri gündəmi tutmağı bacarmalı, bundan əlavə mövcud hadisələrdən, eləcə də köhnəlmiş xəbərlərdən də yeni gündəm yaratmalıdırlar. Təhsil jurnalisti müasir dövrün tələblərinə cavab verən texniki vasitələrlə işləməli, lazımi halda süni intellektə də müraciət etməlidir. Jurnalistin əsas qayələrindən biri də rəsmi qurumlar və ilkin xəbər mənbələri ilə işləməkdir. O, plüralizm prinsipini qorumaqla, öz şəxsi fikirlərini xəbərə daxil etməməlidir".
Təlimin davamında Niğde Ömer Halisdemir Universitetinin professoru Emre Ünal media nümayəndələri ilə “Təhsil jurnalisti müsahibə və reportajlarda nəyə diqqət etməlidir?”, “Təhsil müəssisələri ilə necə işləmək lazımdır?”, “Təhsil jurnalisti sosial şəbəkələrdə fəaliyyətini necə qurmalıdır?” mövzuları üzrə müzakirələr aparıb.
Qeyd edib ki, təhsil jurnalistləri təhsil sisteminin fəaliyyətini, onun fəlsəfəsini və öz sahələrinə aid əsas anlayışları yaxşı bilməlidir.
E.Ünal, xüsusən “fake news”-ə diqqət çəkərək vurğulayıb ki, gündəmdə saxta xəbərlər işıq sürəti ilə yayılır:
"Rəqəmsallaşan dünyada saxta xəbərin qarşısını almaq imkansızdır. Məhz bu baxımdan da jurnalistlər eşitdikləri xəbərləri tirajlamadan qabaq birbaşa rəsmi mənbələrdən dəqiqləşdirməli, əgər rəsmi cavab gec gələrsə, o halda mütləq şəkildə rəsmi mənbədən cavab gözlədiklərini vurğulamalıdırlar.
Bundan əlavə, bəzən sosial şəbəkələrdə azyaşlılarla bağlı, eləcə də ümumi sensasiya yaradacaq xəbərlərdə insanın şəxsi toxunulmazlıq hüququna hörmətlə yanaşmalı, uşaqların ad, soyad və fotolarının yayılmasından çəkinməlidirlər".
E.Ünal jurnalistlərin “bəs, belə olduğu halda cəmiyyətdəki mənfi halları necə işıqlandıraq”-sualına cavab olaraq bildirib ki, xəbər hazırlanarkən başlığa diqqət etmək, bu məsələnin hüquqi müstəvidə araşdırıldığını yazmaq kifayətdir.