Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsinin (ADPU HİK) XVIII hesabat-seçki konfransı keçirilib.
2017-2023-cü illər ərzində görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edən ADPU HİK sədri dosent Vaqif Əliyev diqqətə çatdırıb ki, hesabat dövründə HİK tərəfindən üzvlərin əmək və sosial hüquqlarının müdafiəsi, onların müalicə və sağlamlıq imkanları ilə təmin olunması, maddi yardım və mükafatların verilməsi, eləcə də ADPU-da keçirilən mədəni-kütləvi tədbirlərə dəstək göstərilməsi istiqamətində sistemli və müntəzəm fəaliyyət icra olunub. Vurğulanıb ki, universitet rəhbərliyi ilə bağlanan müqavilə və qurulan çevik əməkdaşlıq mexanizmləri sayəsində əməkdaşların hüquqlarının müdafiəsi sahəsində işlək ortaq mexanizm təsis edilib, müsbət mühit yaradılıb.
ADPU HİK Təftiş Komitəsinin sədri Həcər Hüseynova isə hesabat dövründə təşkilatın fəaliyyəti və universitetlə əlaqələrində şəffaflığın, çevikliyin təmin edildiyini söyləyib.
ADPU Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinə münasibət bildirən Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə təşkilatın fəaliyyətini yüksək qiymətləndiriblər.
Çıxış edənlərdən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, professor Əbülfət Pələngov, professor Müseyib İlyasov, professor İramin İsayev və filiallardan gələn nümayəndələr hesabat ətrafında fikirlərini bölüşüb, yeni istiqamətlər barəsində təkliflərini səsləndiriblər.
Hesabat yekdilliklə qəbul olunub.
Daha sonra ümumi səsvermə ilə ADPU HİK-in 35 nəfərdən ibarət yeni heyəti, 3 nəfərdən ibarət Təftiş Komitəsi və 11 nəfərdən ibarət Rəyasət Heyətinin üzvləri seçilib.
Dosent Vaqif Əliyev konfrans iştirakçılarının yekdil səs çoxluğu ilə yenidən ADPU HİK-ə sədr seçilib.