Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri günəş şüalarının hərəkətini izləyən “Robotik günəbaxan” qurğusu hazırlayıblar.

 

Universitetdən bildirilib ki, BMU-nun baş müəllimi Fəxrəndə Məmmədovanın rəhbərliyi ilə mühəndislik  fakültəsində “Komputer mühəndisliyi” ixtisası üzrə təhsil alan Rafiq Şükürov və Əli Xəlilovun hazırladığı qurğu alternativ enerji mənbəyi kimi günəş enerjisindən istifadə edən yaşayış evləri, müəssisələr və idarələr üçün olduqca aktualdır.

 

Enerji çatışmazlığı problemlərinin həllinə yönələn layihənin əsas məqsədi günəş panellərini uyğunlaşdıracaq izləmə sistemi ilə avtomatik günəş enerjisi istehsal etməkdir. Günəşin gün ərzində hərəkət etməsi ilə paralel hərəkətdə olduğu üçün “Robotik günəbaxan”la əldə edilən enerji normal günəş panelindən əldə edilən enerjidən daha çox olur.

 

Belə ki, günəş enerjisindən maksimum istifadə etmək üçün sistem işığın maksimum intensivliyini izləyir. İşığın intensivliyi zamanla azaldıqca, sistem işığın maksimum intensivliyini əldə etmək üçün istiqamətini avtomatik dəyişir. Nəticədə, normal günəş panelindən daha çox enerji əldə etmiş olur.

 

Sistem yaşayış massivlərində alternativ elektrik enerjisi istehsalı üçün, xüsusilə çox kritik olmayan və az gücə malik cihazlar üçün tətbiq oluna bilər.