Nazir müavini: “Bunun üçün məktəblər sürətli internet və texniki təchizatla təmin ediləcək”


Heydər Əliyev Mərkəzində Elm və Təhsil Nazirliyinin "Alqoritmika" beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi ilə birgə həyata keçirdiyi Kod Saatı: "Rəqəmsal Gələcəyə Addım 2023" müsabiqəsinin final tədbiri keçirilib. 
 
 
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli  bildirib ki,  kod saatı qlobal hərəkatdır və ölkəmizdə hər il keçirilir. Tədbirin ölkəmizin gələcək istedadları ilə tanış olmaq, onları ruhlandırmaq üçün fürsət olduğunu deyən nazir müavini “Rəqəmsal bacarıqlar” layihəsinin ölkə üzrə 400 mindən çox şagirdi əhatə etdiyini diqqətə çatdırib. Nazir müavini qeyd edib ki, pilot kimi başlayan layihə hazırda ölkənin 50-dən çox şəhər və rayonunda tətbiq olunur.  Həsən Həsənli deyib ki, məktəblərin yarıdan çoxu bu proqramla əhatə olunacaq, bunun üçün məktəblər sürətli internet və texniki təchizatla təmin ediləcək.    
Sonra çıxış edən "Alqoritmika"nın baş direktoru Andrey Labanov  ildən-ilə müsabiqəyə marağın artdığını, hər il qeydiyyatdan keçənlərin sayının  çoxaldığını bildirib. Qeyd edib ki, hazırda informasiya texnologiyaları elə bir sahədir ki, hər bir peşə sahibinin  buna ehtiyacı var.  Çıxışının sonunda  Andrey Labanov uğur qazanan məktəbliləri təbrik edib.
 
 
Sonda müsabiqə qaliblərinə mükafatlar təqdim olunub.
 
 
Qeyd edək ki, 2023-2024-cü tədris ilində həyata keçirilən Kod Saatı: "Rəqəmsal Gələcəyə Addım 2023" müsabiqəsinə ümumi təhsil məktəblərinin 5-9-cu sinifləri üzrə 28 157 şagird qoşulub. II mərhələyə keçən 4 min şagirddən 132 nəfəri finala vəsiqə qazanıb. Onlardan 62 nəfər Bakı şəhərində, 70 nəfər isə rayon və şəhərlərdə yerləşən məktəblərin şagirdləridir. 
 
 
Respublika üzrə proqramlaşdırma müsabiqəsinin keçirilməsində əsas məqsəd məktəblilər arasında kompüter elmlərinin, proqramlaşdırmanın təbliği və gənc nəslin bu sahəyə olan marağının artırılmasından ibarətdir.