Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

 

Görüşdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavinləri Mehriban Vəliyeva və Orxan Abbasov, MÜTDA-nın direktor müavini və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsi həvalə edilən Nərminə Hüseynova, MÜTDA və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.

 

MÜTDA-nın direktoru Eşqi Bağırov BŞTİ-nin müdiri vəzifəsi həvalə edilən Nərminə Hüseynovanı tədbir iştirakçılarına təqdim edib, ona fəaliyyətində uğurlar arzulayıb. Eşqi Bağırov təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması istiqamətində nəzərdə tutulan planlar barədə danışıb.

 

Vətəndaşlardan daxil olan müraciətlər və mediada səsləndirilən neqativ hallarla bağlı narahatlığını ifadə edən MÜTDA-nın direktoru həmçinin tədris prosesinin günün tələbinə uyğun təşkili və idarə olunması, hesabatlılığın artırılması, idarəetmənin rəqəmsallaşdırılması, monitorinqlərin aparılması məsələlərinə toxunub. Eşqi Bağırov bildirib ki,  “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nın həyata keçirilməsi və prosesə nəzarətin gücləndirilməsi, şagird təhlükəsizliyi və sağlamlığı, həmçinin psixoloqların fəaliyyətinin təşkili, psixoloji dəstək işinin gücləndirilməsi kimi məsələlərə diqqət artırılacaq.

 

Qarşıda duran vəzifələr haqqında fikirlərini bildirən E.Bağırov məktəbdənkənar tədbirlər, xüsusilə də idman və yaradıcılıq istiqamətlərində fəallığın artırılmasının zəruriliyini nəzərə  çatdırıb.

 

E.Bağırov məktəbdaxili qaydaların pozulması halları və bu istiqamətdə nəzarətin artırılması baxımından məktəb rəhbərlərinin üzərinə düşən məsələlərdən danışıb.

 

Bununla yanaşı, görüşdə hər bir məktəb rəhbərinin ümdə vəzifələri, təhsil islahatlarının davamlılığı, idarəetmədə çevik, effektiv mexanizmlərin qurulması, əlçatanlığın təmin olunması, vətəndaş məmnuniyyəti, təhsil müəssisələrində monitorinq və nəzarətin gücləndirilməsinin vacibliyi nəzərə çatdırılıb.

 

Daha sonra təhsil müəssisələri rəhbərləri ilə bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallara cavab verilib.