Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclasında
Tədris departamentinin direktoru, dosent Sənan Əliyev ADPU-da 2023-2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri barədə hesabatı təqdim edib.
Bildirilib ki, 7 yanvar - 2 fevral tarixlərində keçirilən imtahanlarda bakalavriatura səviyyəsi üzrə 9978, magistratura səviyyəsi üzrə 644 olmaqla, ümumilikdə 10622 nəfər tələbə iştirak edib. Üzürlü səbəbdən imtahana qatılmayan 482 nəfər tələbə üçün sonradan imtahan keçirilib. Yoluxucu xəstəlik səbəbindən imtahanlarda iştirak edə bilməyən 12 tələbə üçün isə ADPU Elmi Şurasının müvafiq qərarına uyğun olaraq onlayn formada imtahan təşkil olunub.
Hesabata əsasən, sessiya ərzində İmtahan Qərargahına 111 müraciət (keçən yaz sessiyasında 135) daxil olub ki, bunlardan 52-si təsdiqini tapmayıb, 59-u isə tələbələrin xeyrinə həll edilib. İmtahan qaydalarını pozduğuna görə 139 nəfər tələbə (ötən yaz sessiyasında 74 nəfər) imtahandan kənarlaşdırılıb və nəticələri ləğv olunub. Apelyasiya Komissiyasına isə 2082 müraciət daxil edilib.
Bakalavriat və magistratura səviyyələrində müvəffəqiyyət göstəricisi 88 və 98 faiz (keçən ilin müvafiq sessiyasında 84 və 74 faiz), keyfiyyət göstəricisi isə 44 və 76 faiz (keçən ilin müvafiq sessiyasında 46 və 68 faiz) təşkil edib. Bakalavriat səviyyəsində müvəffəqiyyət, magistratura səviyyəsində isə həm müvəffəqiyyət, həm də keyfiyyət göstəricilərində əhəmiyyətli artım müşahidə olunur. ADPU filialları arasında isə bakalavriat üzrə ən yüksək müvəffəqiyyət göstəricisi 91 faizlə Cəlilabad filialında, ən yüksək keyfiyyət göstəricisi isə 38,3 faizlə Quba filialında qeydə alınıb.