Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsində Elm və Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalı ilə birlikdə “Azərbaycan məktəbi”-100: tədqiqatyönlü təhsil üçün əl-ələ” mövzusunda dəyirmi masa keçirilib.

 

Tədbirdə  AMEA Gəncə bölməsinin, “Azərbaycan məktəbi” jurnalının rəhbərliyi və əməkdaşları, Gəncədə fəaliyyət göstərən təhsil ocaqlarının, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

AMEA Gəncə Bölməsinin sədr müavini kimya üzrə fəlsəfə doktoru Sara Əzizova tədbiri açıq elan edərək, “Azərbaycan məktəbi” jurnalının elm və təhsilin inkişafında rolundan danışıb  və qocaman pedaqoji mətbu orqanın kollektivini təbrik edib.

 

“Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan dəyirmi masa iştirakçılarına jurnal haqqında ümumi məlumat verib, nəşrin akademik göstəriciləri və beynəlxalq indekslənmə portallarında təmsilçiliyindən bəhs edib.

 

Jurnalın baş redaktorunun müavini Nəsrəddin Musayev “Azərbaycan məktəbi”nin 100 illik tarixinə bir baxış” mövzusunda danışıb. Jurnalda məqalələri dərc edilən alimlərin bu mətbu orqan haqqında fikirlərini səsləndirib.

 

Jurnalın məsul katibi Tariyel Süleymanov "“Azərbaycan məktəbi”nin kitabxanası” silsiləsindən yeni nəşr olunmuş,  Nobel mükafatı laureatı Riçard Feynmanın “Altı dərsdə fizika” kitabı haqqında danışaraq, bu vəsaitin təhsilin bütün pillələrində müəllimin ən yaxşı köməkçisi, tələbələr və yuxarı sinif şagirdləri üçün faydalı olduğunu vurğulayıb. Kitabın bir nüsxəsi AMEA-nın Gəncə Bölməsinin kitabxanasına hədiyyə edilib.

 

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elmi məqalələrin yazılması və jurnalda dərcinin təmin edilməsi mövzusunda çıxış edən şöbə redaktoru Gülşən Hüseynova dəyirmi masa iştirakçılarının diqqətini bu il ölkəmizdə keçiriləcək BMT-nin Qlobal İqlim Dəyişmələri Çərçivə Konvensiyasının “COP-29” Tərəflər Konfransına cəlb edərək, Azərbaycanda ekoloji təhsil və ekoloji maarifləndirmə üzrə qanunvericiliyə və “Azərbaycan 2030: Davamlı İnkişaf üzrə Milli Prioritetlər” sənədinin 5-ci prioritetinin həyata keçirilməsinə töhfə verən elmi məqalələrin yazılmasının aktuallığını qeyd edib.

 

AMEA Gəncə Bölməsinin sədr müavini Sara Əzizova Gəncə şəhərinin son illər Avropa İttifaqının və digər beynəlxalq təşkilatların ekoloji tədbirlərinə ev sahibliyi etməsindən, şəhərdə enerji effektivliyinin qorunması istiqamətində görülən işlərdən söz açıb.

 

Daha sonra Aqrar Problemlər İnstitutunun direktoru Sədaqət Adıgözəlova Qərb bölgəsində elm və təhsilin inteqrasiyası sahəsində tədqiqatlar və “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı görüləcək tədbirlər haqqında fikirlərini bölüşüb. Bu istiqamətdə məktəblilər, gənc alimlər və tədqiqatçılarla birgə fəaliyyət nəticəsində görülən işləri diqqətə çatdırıb.

 

Digər çıxışçıların məruzələrindən sonra müzakirələr keçirilib, təkliflər səsləndirilib.