Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanları ərəfəsində abituriyentlərə müraciət edib.  

 

Əziz şagirdlər! 

Məlumdur ki, tam orta və ümumi orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında hər fənn üzrə müəyyən sayda tapşırıq yazı işi (ətraflı həll və ya cavab yazılması tələb olunan) tapşırıqlarıdır. Qarşıdan gələn bu imtahanlarda daha rahat və effektiv nəticə əldə etməyinizə faydalı ola biləcək bir neçə tövsiyəni diqqətinizə çatdırırıq. Burada əvvəlcə imtahanda davranış qaydaları və imtahan sənədlərinə aid bir neçə tövsiyə qeyd edilib. Sonra isə konkret fənlər üzrə yazı işi tapşırıqlarını yerinə yetirərkən diqqət edilməli məqamlar yazılıb.

 

1.      İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini və tünd-göy (və ya qara) rəngdə yazan diyircəkli qələm gətirməyi unutmayın;

2.      “İmtahana buraxılış vərəqəsi”ində göstərilən vaxtdan gec olmayaraq imtahan binasına gəlin;

3.      İmtahana telefon, planşet, qulaqlıq, çanta, kitab, dəftər, hesablama maşını (kalkulyator), şparqalka, alışqan və digər əlavə vəsaitlər (ləvazimatlar) gətirmək qadağandır;

4.      İmtahan zalında buraxılış vərəqəsində göstərilən yerdə əyləşin;

5.      İmtahan zalında imtahan qaydalarına və sakitliyə tam riayət etmək lazımdır;

6.     Zal nəzarətçisinin sizə verdiyi cavab vərəqində və sual kitabçasında yazılmış məlumatların sizə aid olduğunu dəqiqləşdirin, uyğunsuzluq olduqda dərhal nəzarətçiyə bu barədə məlumat verin;

7.      Sual kitabçasını və cavab vərəqini qatlamayın, əzməyin, orada lazımsız qeydlər etməyin;

8.     Sual kitabçasında yazılmış qeydlər hüquqi əsasa malik deyil. Topladığınız bal hesablanarkən yalnız cavab vərəqindəki və cavab kartındakı cavablarınız nəzərə alınır.

9.      Cavab kartında təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) apellyasiya müraciətləri zamanı baxılmayacaq.

10. İmtahanda köçürmək və digər şagirdlərin köçürməsinə şarait yaratmaq qəti qadağandır. İmtahanın nəticələri emal olunarkən belə hal aşkarlanarsa, həmin şagirdlərin nəticələri ləğv ediləcəkdir;

11. Yazı işi tünd-göy və ya qara rəngli diyircəkli qələmlə səliqəli və oxunaqlı xətlə yazılmalıdır;

 

Azərbaycan dili fənnindən

 

1.      Mətn üzrə hər bir tapşırığın şərtini diqqətlə oxuyun və onu yerinə yetirmək üçün mətndən sizə lazım olacaq məqamları qeyd edin;

2.      Yazı işi tapşırıqlarını cavablandırmazdan əvvəl onun aid olduğu mətni diqqətlə oxuyun;

3.      Mətnə aid yazı işi tapşırıqlarını yerinə yetirərkən tapşırığın şərtinə, tələbinə (həm sual kitabçasında, həm də cavab vərəqində verilən) və mətndə bu tələblə bağlı məlumatlara mütləq diqqət yetirin. Tapşırığın tələbinə və mətnə heç bir aidiyyatı olmayan istənilən fikirləri cavab kimi yazmayın. Tapşırığın doğru cavabını müəyyən etməyə çalışın, doğru hesab etdiyiniz fikirləri yazın;

4.      Hər bir tapşırığa verdiyiniz cavabı və tapşırığa aid fikirlərinizi cavab vərəqində həmin tapşırıq üçün ayrılmış (həmin tapşırığın sual kitabçasındakı nömrəsinə uyğun) hissəyə çərçivədən kənara çıxmadan səliqəli və oxunaqlı xətlə yazın;

5.      Tapşırığın şərtində müəyyən sayda söz (cümlə, fikir və s.) yazmaq tələb olunursa, tələb olunan sayda söz (cümlə, fikir və s.) yazılmalıdır, tapşırığın şərtini ödəməyən səhv söz (cümlə, fikir və s.) yazılmamalıdır;

6.      Tapşırığın şərtində xarakterik xüsusiyyət yazmaq tələb olunursa, bu xüsusiyyəti ifadə edən konkret söz (və ya sözlər) yazılmalıdır (məs: igidcəsurvətənpərvər və s.). Bu zaman birdən çox xarakterik xüsusiyyətin yazılması tələb olunan tapşırıqlarda eyni xüsusiyyətin sinonim variantları deyil, fərqli xüsusiyyətlər yazılmalıdır;

7.      Tapşırığın şərtində verilən aforizmin mətnlə əlaqələndirilməsi tələb olunursa, yalnız mətndəki fikirlər olduğu kimi köçürülməməlidir, aforizm ilə mətndəki fikirlər əlaqələndirilməlidir;

8.      Tapşırığın şərtində mətndən müəyyən şərti ödəyən faktlar seçilib yazılması tələb olunursa, mətndənkənar (mətndə olmayan) faktlardan istifadə olunmamalıdır. Həmçinin, tapşırığın şərtində mətndəki müəyyən fikirlə bağlı mətndə olmayan faktlar yazılması tələb olunursa, bu zaman mətndənkənar faktlar yazılmalıdır;

9.      Tapşırığın şərtində mətndəki hər hansı sözün qarşılığını (bu qarşılıq mətndə həmin sözün əvəzinə yazıldıqda aid olduğu cümlədəki fikir itməməlidir) yazmaq tələb olunursa, həmin sözün izahı deyil, konkret qarşılığı yazılmalıdır (məs: məhzun – kədərliqəmlidərdli);

10. Tapşırığın şərtində cümləni (abzası, mətni) tamamlamaq tələb olunursa, həmin abzasdakı cümlələr arasında, abzaslar arasında rabitə gözlənilməlidir (məntiqi baxımdan);

11. Tapşırığın şərtində cümləni (abzası, mətni) tamamlamaq tələb olunursa, yazılmış ifadə mənaca uyğun olmaqla yanaşı, qrammatik cəhətdən də uyğun olmalıdır (məs: hadisələr keçmiş zamanda baş verirsə, yazılacaq ifadə də keçmiş zamanda olmalıdır və s.);

12. Tapşırığın şərtində cümlənin (və ya fərqləndirilmiş hissənin) üslubi xüsusiyyətlərini yazmaq tələb olunursa, cümlənin (və ya hissənin) aid olduğu üslubun ümumi xüsusiyyətləri deyil, cümlənin (və ya hissənin) həmin üslubda daşıdığı xüsusiyyətlər yazılmalıdır;

13. Səbəb-nəticə əlaqəli tapşırıqlarda verilmiş səbəbin birbaşa (və ya əsas) nəticəsi, verilmiş nəticənin isə birbaşa (və ya əsas) səbəbi yazılmalıdır;

14. Tapşırığın şərtində cümləni bədii təsvir və ifadə vasitələri ilə zənginləşdirib yenidən yazmaq tələb olunursa, hər məcazi ifadəni yazmaq doğru deyil, çünki hər məcazi məna daşıyan ifadə məcaz hesab olunmur (məs: “qulaq asmaq” ifadəsi frazeoloji birləşmə (məcazi mənalı ifadə) olsa da, məcaz deyil);

15. Tapşırığın şərtində mətndə olan hər hansı cümlədə kontekstdəki mənaya uyğun olmayan ifadələri müəyyən edib düzəliş etməklə cümləni yenidən yazmaq tələb olunursa, cümlənin strukturu və məzmunu dəyişdirilmədən konkret yanlış işlədilmiş sözlər doğru ifadələrlə əvəz edilərək cümlə yenidən yazılmalıdır. 

 

Rus dili fənnindən

 

1.     Для выполнения всех заданий, связанных с текстом, внимательно читайте условие каждого задания! Это важно!

2.     При заполнении кластера старайтесь каждый требуемый ответ записывать в отдельное окно, а не все ответы в одном окне, оставляя при этом пустыми остальные окна. Если в условии задания указаны дополнительные требования на части речи, формулируйте ответы согласно этим требованиям (например, прилагательные).

3.    При выполнении задания, где требуется найти общеупотребительный синоним к двум словам из текста, старайтесь при подборе этих синонимов не писать несколько слов (достаточно одного, в котором вы уверены).

4.     При выполнении задания, где требуется перечислить характерные признаки данного стиля, подтвердив их примерами, учтите, что каждый пример должен быть подобран соответственно признаку.

5.    Заполняя диаграмму Венна, где требуется определенное количество ответов для каждого элемента, свои ответы пишите соответственно указанным пунктам (т.е. под №1 не следует писать 2 верных ответа, при этом оставив № 2 пустым)

6.      При выполнении задания, где требуется подобрать нужный фразеологизм, подбирайте фразеологизм, который подходит по контексту.

7.      При выполнении заданий, где требуется привести факты, не приводите неверные факты.

8.     При выполнении заданий по тексту обратите внимание на условие и требования задания и в вопроснике, и на листе ответов. А также будьте внимательны к требуемой информации из текста.

9.      При выполнении заданий старайтесь писать без ошибок разборчивым почерком.

10. Если по условию задания требуется написать несколько ответов, учтите что ответы должны быть разными, не используйте синонимичные выражения (например, в кластере и т.д.)

11. При выполнении всех заданий старайтесь не писать больше требуемого, если вы не уверены в своем ответе. 

 

Riyaziyyat fənnindən

 

1.      Hər bir tapşırığın həllinin bütün mərhələlərini (izah etməklə və istifadə edilən xassələri, teoremləri, aksiomları göstərməklə) və cavabını həmin tapşırıq üçün ayrılmış (həmin tapşırığın sual kitabçasındakı nömrəsinə uyğun) hissəyə çərçivədən kənara çıxmadan səliqəli və oxunaqlı xətlə yazın. Nəzərə alın ki, həlli yazılmayan tapşırıqlar doğru cavab yazıldığı halda da “0” (sıfır) balla qiymətləndiriləcək;

2.      Tapşırığın şərtində cavabın əsaslandırılması tələb olunursa, cavabınızı mütləq əsaslandırın;

3.      Hər hansı bir tapşırığın həllində istifadə etdiyiniz məlum olmayan bir fakt (xassə, teorem, düstur və s.) orta məktəb dərsliklərində yoxdursa, o zaman həmin faktın (xassənin, teoremin, düsturun və s.) əsaslandırılmasını, çıxarılmasını da həldə yazmaq lazımdır;

4.      Ehtimala aid tapşırıqlarda “və”, “və ya” ifadələrinə diqqətlə fikir verin, onları bir-biri ilə qarışdırmayın;

5.      Ehtimala aid sadə tapşırıqların həlli zamanı həm hesablamanı, həm də izahı yazmaq lazımdır;

6.      Şərtdə məsələnin tənlik (və ya tənliklər sistemi) qurmaqla həll edilməsi tələb olunursa, həmin məsələ mütləq tənlik qurmaqla həll edilməlidir;

7.      Hər hansı məsələni tənlik qurmaqla həll edirsinizsə, verilənləri məchulla işarələmə prosesini də qeyd edin;

8.      Həll zamanı sadə və ya mürəkkəb olmasından asılı olmayaraq bütün mərhələləri ardıcıl yazın (məsələn, hər hansı həndəsə tapşırığında Pifaqor teoremi tətbiq edilirsə, buradakı Pifaqor ədədləri nə qədər sadə olsa da teoremin həmin ədədlərin iştirakı ilə riyazi ifadəsini yazmaq lazımdır);

9.      Həndəsəyə aid məsələlərin həlli zamanı çəkdiyiniz şəkli səliqəli çəkin və şəkil üzərindəki qeydlərinizi aydın edin;

10. Həndəsə məsələlərində həllin təsvir üzərində də olması və həll ilə təsvirin bir-birini təsdiqləməsi (və ya tamamlaması) faydalıdır. Amma həllin tam normal yazıldığından əminsinizsə, təsvir üzərində göstərmək üçün vaxt itirməyə bilərsiniz;

11.  ədədinin istifadə edildiyi həndəsə tapşırıqlarında əgər şərtdə  üçün konkret qiymət verilibsə, həll prosesində həmin qiymətdən istifadə etmək lazımdır;

12. Hər hansı tapşırığın həll prosesini tam yazıb doğru cavabını qeyd etdikdən sonra orada əlavə qeydlər etməyin;

13. Həll zamanı mexaniki səhv etməyin. Həlli yazdıqdan sonra hər hansı mexaniki səhv etdiyinizi aşkarlasanız düzəliş etməyiniz (səhvinizi özünüzün düzəltməyiniz) yaxşıdır;

14. Yazı işi tapşırıqlarını şərtə uyğun gələn üsullardan, düsturlardan və faktlardan istifadə etməklə riyazi əsaslandırma ilə həll etmək lazımdır. Nəzərə alın ki, seçmə üsul və ya sadəcə şərtdə verilənləri yerinə yazaraq yoxlamaq və ya həll yazmadan sadəcə hər hansı bir ədədi götürüb şərti ödəyib-ödəmədiyini yoxlamaq tapşırığı həll etmək hesab olunmur;

15. İmtahanın sonunda vaxtınız olarsa, cavab vərəqində yazdığınız həllərin doğruluğunu, aldığınız nəticənin şərti ödəyib-ödəmədiyini yoxlayın. 

 

Xarici dil fənnindən

 

1.      Dinləmə mətninə aid tapşırıqları cavablandırmazdan əvvəl audioqurğuda səsləndirilən mətni diqqətlə dinləyin;

2.      Dinləmə mətni ilk dəfə səsləndirilməzdən əvvəl mətnə aid tapşırıqları diqqətlə oxuyun və mətndən sizə lazım ola biləcək məlumatlarla bağlı qeydlərinizi edin;

3.      Dinləmə mətninin ilk dəfə səsləndirilməsindən sonra 2 dəqiqə ərzində tapşırıqlara bir daha baxın;

4.      Dinləmə mətni ikinci dəfə səsləndirildikdən sonra ona aid olan və digər tapşırıqları imtahanın sonunadək cavablandırın;

5.      Nəzərə alın ki, dinləmə mətni imtahan zamanı yalnız 2 dəfə səsləndiriləcək, zamanınızı düzgün bölməyə çalışın;

6.      Dinləmə mətninə aid tapşırıqları icra edərkən yalnız dinlədiyiniz mətnə əsaslanmalı, məlumatlı olduğunuz mövzu olsa belə yalnız səsləndirilən mətndəki məlumatlara uyğun cavab yazmalısınız. Əvvəlki biliklərinizə istinad edən mətndənkənar fikirlər yazmayın;

7.      Dinləmə mətninə aid tapşırıqları icra edərkən sözlərin orfoepik deyil, orfoqrafiya qaydalarına uyğun yazılmasına diqqət edin;

8.      Oxuyub-anlama mətninə aid tapşırığın şərtini və mətni diqqətlə oxuyun və onu yerinə yetirmək üçün mətndən sizə lazım olacaq məqamları qeyd edin;

9.      Oxuyub-anlama mətninə aid yazı işi tapşırıqlarını yerinə yetirərkən tapşırığın şərtinə (tələbinə) və mətndə bu tələblə bağlı məlumatlara mütləq diqqət yetirin. Tapşırığın tələbinə heç bir aidiyyatı olmayan istənilən fikirləri cavab kimi yazmayın. Tapşırığın doğru cavabını müəyyən etməyə çalışın, doğru hesab etdiyiniz fikirləri yazın;

10. Tapşırığın şərtində müəyyən sayda söz (cümlə, fikir və s.) yazmaq tələb olunursa, tələb olunan sayda söz (cümlə, fikir və s.) yazılmalıdır, tapşırığın şərtini ödəməyən səhv söz (cümlə, fikir və s.) yazılmamalıdır;

11. Tapşırığın şərtində cümləni (abzası, mətni) tamamlamaq tələb olunursa, həmin abzasdakı cümlələr arasında, abzaslar arasında rabitə gözlənilməlidir (məntiqi baxımdan);

12. Tapşırığın şərtində cümləni (abzası, mətni) tamamlamaq tələb olunursa, yazılmış ifadə mənaca uyğun olmaqla yanaşı, qrammatik cəhətdən də uyğun olmalıdır (məs: hadisələr keçmiş zamanda baş verirsə, yazılacaq ifadə də keçmiş zamanda olmalıdır və s.);

13. Verilmiş suala ən azı 3 cümlə ilə cavab yazılması tələb olunan tapşırıqları yerinə yetirərkən:

 

· yazdığınız cümlələrin bir-biri ilə əlaqəli olmasına diqqət yetirin;

· cümlələrarası rabitə yaratmaq üçün birləşdirici söz və bağlayıcı vasitələrdən (linking words and cohesive devices) istifadə edin;

· mətndə olan cümlələri köçürməyin;

· yazdığınız cümlələrdə eyni fikri müxtəlif sözlərlə təkrar ifadə etməyin;

· qrammatik, leksik normalara riayət edin (söz sırası, mübtəda xəbər uzlaşması və s. bu kimi nüanslara fikir verin);

· yalnız müxtəsər cümlələrdən istifadə etməyin, bacardığınız qədər geniş və mürəkkəb cümlələr yazın.