Azərbaycan və Özbəkistan arasında bütün istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də əlaqələr genişlənməkdədir.

 

2024/2025-ci tədris ili üçün tələbə qəbulu ilə əlaqədar Azərbaycanın nüfuzlu ADA Universitetinin nümayəndələri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyilə Daşkənd və Səmərqənd şəhərlərindəki ümumtəhsil məktəblərinin sonuncu sinif şagirdləri və universitet tələbələri ilə görüşərək beynəlxalq təhsil proqramlarının təqdimatını həyata keçiriblər.

 

ADA Universitetinin nümayəndələri Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları ilə birlikdə Daşkənd şəhərindəki 154 nömrəli, 5 nömrəli, 51 nömrəli, 17 nömrəli, 263 nömrəli, Əl-Xarezmi adına ixtisaslaşdırılmış məktəb, Genesis Education məktəbi, eləcə də bir sıra Özbəkistan universitetləri – Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Səmərqənd Dövlət Tibb, Heyvandarlıq və Biotexnologiya Universiteti, Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin Akademik Liseyi kimi bir sıra dövlət və özəl məktəblərdə olaraq beynəlxalq təhsil proqramlarını şagird və tələbələrə təqdim ediblər.

 

İngilis və rus dillərində keçirilmiş təqdimatlarda ADA Universitetinin Tələbə qəbulu şöbəsinin nümayəndəsi Sona Məmmədova və biznes fakültəsinin baş müəllimi Mukhammadfoik Bakhadirov ictimai və beynəlxalq münasibətlər, hüquqşünaslıq, biznes, təhsil, dizayn və memarlıq, kənd təsərrüfatı və qida elmləri fakültələrinin bakalavriat və magistratura səviyyələri üzrə ixtisaslar ilə tələbələri tanış ediblər.

 

Həmçinin şagirdlərə təkcə təhsil prosesi deyil, digər ölkələrdən olan tələbələrin həyat şəraiti, parklar və istirahət yerləri, asudə vaxtın təşkili, universitetdəki dostluq ab-havası və s. əks etdirən videolar təqdim olunub.

 

Görüş böyük marağa səbəb olub, özbək gəncləri onları maraqlandıran məsələlərə dair suallar verib, təhsil prosesinə dair fikir mübadiləsi və müzakirələr aparıblar.

 

Azərtac