Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Elm və Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə Bakı şəhəri 247 nömrəli tam orta məktəbdə şagirdlər arasında maarifləndirici görüş keçirib.
Tədbirdə birliyin icraçı direktoru Kəmalə Aşumova, məktəbin tərbiyə işləri üzrə təşkilatçısı Gülnar Qorodayeva, valideynlər və şagirdlər iştirak ediblər.
İctimai Birliyin icraçı direktoru Kəmalə Aşumova bildirib ki, tədbiri keçirməkdə məqsəd Azərbaycan Uşaq Qaynar Xətt xidməti (AUQX) haqqında uşaqlar və yeniyetmələrə məlumat vermək, hər hansı çətinliklərlə, zorakılıqla, bullinq (qısnama), stress, aqressivlik və digər psixoloji gərginlik halları ilə üzləşdiklərində yardımın əlçatanlığı ilə bağlı məlumatlandırma işləri aparmaqdır.
İcraçı direktor qeyd edib ki, fəaliyyət göstərdiyi 2010-2024-ci illər ərzində
Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə 72 000-dən artıq zəng daxil olub. Müraciət edənlərin 70%-i 18 yaşdan yuxarı olan şəxslər, 30%-i isə yetkinlik yaşına çatmayanlardır:”Son illərdə uşaqlara qarşı zorakılıq hallarının artması cəmiyyət olaraq hər bir şəxsi narahat edir. Zorakılıq halları çoxaldıqca, psixoloji sarsıntı keçirmiş uşaqların, ailələrin ümumi sayında da artım müşahidə olunur. Bu səbəbdən uşaqların hüquqları pozulduqda və ya həyatlarına təhlükə yarandıqda, Uşaq Qaynar Xətt xidmətinə əlçatanlığın təmin edilməsi zəruri olmalıdır. AUQX xidməti 116111 qısa nömrəsi ilə bu kimi hallar üçün müraciət, çıxış imkanı və operativ həll yolu təklif edir. Uşaqlar üçün nəzərdə tutulan 116111 yardım telefonu, 24 saatlıq pulsuz bir xidmətdir ki, zəng etməklə köməyə ehtiyacı olan hər bir uşaq məlumat və problemlə əlaqəli mövzularda məsləhət ala bilər. Lakin uzunmüddətli fəaliyyətə baxmayaraq, hələ də Azərbaycan Uşaq Qaynar Xətt xidməti ilə əlaqədar, xüsusilə sosial təhlükəli vəziyyətdə və həssas qrupa aid olan ailələr, uşaqların maarifləndirilməsi, məlumatlılığının artırılması və nömrələrin daha geniş miqyaslı təbliğinə ehtiyac vardır”.
Tədbirdə məktəbin tərbiyə üzrə təşkilatçısı Gülnar Qorodayeva, valideynlərdən Aytən Ələkbərova, Könül Əliyeva, Aytəkin Məmmədli, şagirdlərdən isə Məhəmməd Rəhimli, Nizami Yaqublu və Amalya Ələkbərova tədbirin tərbiyəvi əhəmiyyətindən danışıb, digər təhsil ocaqlarında da bu cür tədbirlərin tez-tez keçirilməsinin vacibliyini bildiriblər.
Sonda tədbir iştirakçıları tərəfindən verilən suallar İçtimai Birliyin əməkdaşları tərəfindən cavablandırılıb.
Şakir CƏFƏROV