Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbələr üçün Azərbaycan-Fransız Universitetinin (UFAZ) təklif etdiyi dörd magistratura proqramı haqqında məlumat sessiyası keçirilib. 

 

UFAZ-ın icraçı direktoru vəzifəsini icra edən Lətifə Nəsibova qeyd edib ki, Azərbaycan-Fransız Universiteti tədris prosesi zamanı nəzəri biliklərlə yanaşı, fənlərə praktiki yanaşması ilə də seçilir. O, həmçinin UFAZ-da təhsilin tamamilə pulsuz olduğunu vurğulayıb. 

 

UFAZ-ın baş katibi Elizaveta Bydanova təklif olunan iki diplomlu magistr proqramlarının üstünlüklərindən, o cümlədən daha yüksək nailiyyətlərə malik tələbələrin ikinci tədris ilinin ikinci semestrini Fransada keçirmək imkanından danışıb.

 

Daha sonra Strasburq Universitetindən dəvət olunmuş proqram meneceri Damien Lemarchand və proqram koordinatorları Maksim Florent və Samer El Zant tərəfindən hər bir magistr proqramı haqqında ətraflı təqdimatlar edilib. 

 

Tədbirdə, həmçinin UFAZ-ın magistratura proqramlarını uğurla bitirmiş məzunlar Malik Şeyxli və İlkin Səfərli öz uğur hekayələrini bölüşüblər.

 

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.