İnklüziv sinifdə oxumaq fərqliliyə münasibəti dəyişməyə töhfə verir


Ədalət Hüseynli qapını açıb otağa daxil olur. İçəri girən kimi çantasını qoyub masaya oturur və müəllimləri ilə söhbətə qoşulur. Məktəbi xoşladığını deyir. Səhər yuxudan oyanmaqda çətinlik çəkmir. Tədbirdə mahnı oxumağından, rəqs eləməyindən danışır. Dediyinə görə, Arzu müəllim öyrədib ona rəqs eləməyi. Fikirlərini qırıq-qırıq, yarımçıq cümlələrlə ifadə edir və danışarkən çöhrəsində təbəssüm görünür.

 

Ədalətə sinif yoldaşı Xədicə Bayramlı bələdçilik edib. O, bu dostluqdan məmnundur. Onunla söhbət eləməkdən xoşu gəldiyini deyir: “Hamımız Ədaləti çox sevirik. Bu otağa gəlməsinə kömək göstəririk. Başqa köməyə ehtiyacı olanda da həvəslə bunu edirik”.

 

Onlar III sinif şagirdidirlər. İkisi də bir sinifdə oxuyur, baxmayaraq ki, Ədalət sağlamlıq məhdudiyyəti olan bir uşaqdır. Onlara bir yerdə oxumaq imkanını “İnklüziv məktəb” layihəsi yaradıb. Bu otağı onlar “yardımçı otaq”, və ya “əlavə resurs otağı” adlandırırlar. Sağlamlıq imkanları məhdud olan şagirdlər əvvəlcədən müəyyən olunmuş qrafik əsasında gün ərzində azı bir dəfə bu otağa gəlib dincəlir, psixoloq və korreksiyaedici pedaqoqların nəzarəti altında olurlar. Bəzən qrafikdən kənar - şagirdlərdə yorğunluq, aqressivlik, hər hansı narahatlıq müşahidə ediləndə də ilk ağla gələn məhz yardımçı otaq olur. Hər gün 28 şagirdin hər biri o otağı ziyarət edir.

 

Ədalətlə Xədicənin bir sinifdə oxuduğu, sağlamlıq imkanları məhdud şagirdlə sağlam uşağın bir parta arxasında oturduğu, “Yardımçı otağın” olduğu təhsil müəssisəsində - “İnklüziv məktəb” layihəsinin tətbiq edildiyi Bakı şəhəri 202 nömrəli tam orta məktəbdəyik.

 

İnklüziv təhsil hər kəs üçün səmərəli tədris forması hesab edilir

 

İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir.  Təhsil İnstitutunda hesab edirlər ki, sağlamlıq imkanları məhdud uşaqların həmyaşıdları ilə birlikdə təhsili hər kəs üçün səmərəli tədris formasıdır. Belə ki, bütün uşaqların eyni sinifdə həyata keçirilən tədris prosesində iştirakı təhsilverənləri şagirdlərə fərdi yanaşmağa sövq edir. Əlavə olaraq, müxtəlif araşdırmaların nəticələri göstərir ki, sağlamlıq imkanları məhdud uşaqlarla birgə inklüziv sinifdə oxumaq fərqliliyə münasibəti dəyişməyə, özünə hörmətin və həmyaşıdların qəbulunun yaxşılaşdırılmasına səbəb olur ki, bu, sosial yöndən ədalətlidir.

 

İnklüziv təhsil ümumi orta təhsil səviyyəsində nəzərdə  tutulduğundan  I-IX  siniflərdə  təşkil  edilir.

 

İnklüzivlik Bakı məktəblərindən başlayıb

 

İnklüziv sinfi bir Bakı məktəbində seçməyimiz təsadüfi deyil. İnklüzivlik məhz Bakıdan başlayıb. Paytaxt üzrə 2015-2016-cı tədris ilində 2, 2016-2017-ci tədris ilində 4, 2021-2022-ci tədris ilində 5, 2022-2023-cü tədris ilində isə 9 ümumi təhsil müəssisəsində inklüziv təhsil sinifləri təşkil olunub. 2023/2024-cü tədris ilində 18 ümumi təhsil müəssisəsində - 246, 220, 252 nömrəli məktəb-liseylər, 39, 84, 138, 202, 265, 300, 214, 25, 27, 177, 36 163, 19, 181, 96 nömrəli tam orta məktəblərdə inklüziv siniflər fəaliyyət göstərir. Hazırda paytaxt üzrə ümumilikdə 18 təhsil müəssisəsində 150-yə yaxın sağlamlıq imkanı məhdud şagird inklüziv təhsilə cəlb edilib.

 

24 sinifdə 612 şagirdi olan Bakı şəhəri 202 nömrəli tam orta məktəb “İnklüziv məktəb” layihəsinə 2016-cı ildən qoşulub və bu sahədə müəyyən uğur əldə edən təhsil müəssisələrindən biridir. Məktəbdə sağlamlıq imkanları məhdud şagird sayı 28 nəfərdir. I sinifdə 1, II sinifdə 3, III, IV , V, VI, VII və VIII siniflərdə hər birində 4 şagird təhsil alır. İnklüziv siniflər, sadəcə paralel olan 2 sinifdə təşkil edilə bilər və hər sinifdə yalnız 2 sağlamlıq imkanları məhdud şagirdin yer almasına icazə verilir.

 

İlk olmasa da ilklərdən biri, şagird sayı çox olan məktəbdə psixoloq və 2 korreksiyaedici pedaqoq fəaliyyət göstərir.

 

Pedaqoqlardan biri Lalə Bağızadə 5-ci ildir burada işləyir. Şagirdlərlə işindən həvəslə danışır. Müəssisəyə işə gələndə sağlamlıq imkanları məhdud şəxslərlə iş təcrübəsi olub və bu səbəbdən uşaqlarla işləməkdə çətinlik çəkmədiyini deyir.

 

“İnklüziv siniflə müəllimlikdə yeni bir səhifə açdım”

 

Sevda Balakişiyeva isə məktəbin təcrübəli sinif müəllimlərindəndir. II sinifdə dərs deyir. Bu, onun ikinci inklüziv sinfidir: “İlk inklüziv sinfimin uşaqları hazırda VI sinifdə oxuyur. Məktəbdə uğurları davam edir. İndi ikinci sinfimlə işləyirəm. Baxmayaraq ki, 1996-cı ildən fəaliyyətdəyəm, inklüziv siniflə müəllimlikdə yeni bir səhifə açdım, demək olar”.

 

S.Balakişiyeva şagirdləri ilə işindən və əldə etdiyi uğurlu nəticələrdən zövq alır: “Hazırda sinfimdə 2 sağlamlıq imkanları məhdud şagird təhsil alır. Onlardan biri, Şəmsi Ağazadə ilə məktəbə qədər bəzi mərkəzlərdə olmağına baxmayaraq,  sıfırdan başlamışıq. Artıq xeyli irəliləmişik. Bu gün dərsdə Şəmsi tamamilə sərbəst işlədi, öz nəticəmi görüb qürur hissi keçirdim. Maraqlıdır ki, şagirdlərim də mənimlə bərabər sevinir uğurlarımıza. Şəmsiyə ya da Yusufa “Afərin”, - deyəndə şagirdlərimin hamısının üzü gülür, alqışlayırlar. Bu vəziyyət Şəmsi ilə Yusufun da çox xoşuna gəlir, çox həvəslənirlər. Yusuf Bayramlı da sərbəst danışır, nağıl qurur”.

 

S.Balakişiyeva inklüziv sinifdə fəaliyyətindəki uğurları günbəgün qazandığı təcrübə ilə əlaqələndirib: “İnklüziv sinfə başlamadan bir çox təlimlərdə iştirak etdim. Fərqli uşaqlarla işləməyin fərqinə artıq hazır idim, ona görə çətinliklər üzərində dayanmadım. İşləyə-işləyə sinfin yeni düzəninə alışdım, fərqli uşaqlarla işləməkdə püxtələşdim. İşləyərək öz metodikamı inkişaf etdirdim. Təlimlərdə öyrəndiklərimi öz təcrübəmlə möhkəmləndirdim”.

 

Sağlam psixoloji mühit formalaşır

 

Növbəti tədris ilində ilk inklüziv sinfinin buraxılışına hazırlaşan 202 nömrəli tam orta məktəb şagirdlərinin fəallığı ilə öyünür. Məktəbin direktoru Gülüstan Vəliyevanın sözlərinə görə, inklüziv siniflər sayəsində məktəbdə sağlam psixoloji mühit formalaşıb: “Şagirdlər bir-biri ilə sosiallaşır, yoldaşları ilə ünsiyyət qurur və yavaş-yavaş cəmiyyətin bir parçasına çevrilirlər. Tədbirlərimizdə hamı kimi sağlamlıq imkanları məhdud şagirdlərimiz də  şeir deyir, rəqs edirlər. Günləri çox maraqlı keçir. Uşaqlarda inkişafı görəndə valideynlər də həvəslənir, onları xoşbəxt gördükcə, irəliləyişi müşahidə etdikcə sevinir, razılıqlarını bildirirlər”.

 

Direktorun sözlərinə görə, məktəb müəllimlərinin böyük əksəriyyəti bu prosesə cəlb edilib. Mütəmadi olaraq təlimlərə qatılır, özlərini inkişaf etdirirlər: “İnklüziv məktəb olmaq böyük bir komanda işidir ki, burada şagirdlər, müəllimlər, məktəb rəhbərliyi, valideynlər fəal iştirak edirlər”.

 

İnklüziv siniflər sayəsində məktəbdə sağlam psixoloji mühit formalaşır. Uşaqlar bir-birindən fərqli şeylər öyrənirlər. Bir qismi sağlamlıq imkanları məhdud sinif yoldaşlarına kömək edərək mərhəmət hissi ilə yanaşı, onlardan fərqlənənlərlə davranmağı öyrənir, sağlamlıq imkanları məhdud digər qismi isə yanındakı yoldaşına baxıb özünü aparmağı, davranış qaydalarını, sevinməyi, uğur qazanmağı, öz hekayəsini yaratmağı, şeir əzbərləyib nağıl qurmağı, böyük auditoriya qarşısında çıxış edib alqışlanmağı vərdişə çevirirlər.

 

Ruhiyyə DAŞSALAHLI