Təhsil və ictimaiyyət nümayəndələri Türkiyə-Azərbaycan Universitetinin yaradılmasını yüksək qiymətləndirirlər
Fevralın 19-da Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Mərasimdə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” da imzalanıb. Sənədi Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.
İki qardaş ölkə arasında imzalanan memorandum haqqında təhsil və ictimaiyyət nümayəndələrinin fikirlərini öyrəndik.
“Türkiyə-Azərbaycan Universiteti elm və təhsil sahəsində gücümüzü birləşdirəcək”
Cavid Vəliyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri:
- “Türkiyə-Azərbaycan Universitetinin yaradılması yeni bir modeldir. Düşünürəm ki, bu ali təhsil müəssisəsi Türkiyə-Azərbaycan birliyini qoruyacaq düşüncədə gənclərin yetişdirilməsinə xidmət edəcək. Bundan başqa Azərbaycanın və Türkiyənin elm və təhsil sahəsində ayrı-ayrılıqda güclü olduğu sahələr vardır. Məncə, biz bu mənada bu sahələri də bir universitetdə cəmləşdirərək elm və təhsil sahəsində gücümüzü birləşdirəcəyik. Onu da qeyd edək ki, Azərbaycan Türkiyə ilə artıq texnologiya sahəsində də ciddi əməkdaşlıqlar edir. Bu baxımdan yeni yaradılan universitetdə müasir texnologiyaları gələcəkdə istehsal edəcək, onları yaradacaq gənclərin, ixtisaslı kadrların yetişdirilməsi üçün fürsətlər yaranacaqdır. Bu, Azərbaycan və Türkiyə birliyini gələcəkdə daha da gücləndirəcək. Bu universitet gələcəkdə regionumuz, dünyamız üçün də bir nümunə olacaq”.
“Bu universitet tez bir zamanda Azərbaycan ali təhsil məkanında öz layiqli yerini tutacaq”
Araz Aslanlı, Azərbaycan Turizm və Menecment Universitetinin Strateji inkişaf üzrə prorektoru:
- “Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı yekun sənədin imzalanması hər iki ölkə üçün çox əhəmiyyətlidir. Hər iki dövlət başçısı bu məsələyə böyük önəm verirdi. Rəcəb Tayyib Ərdoğanın Bakıya rəsmi səfəri zamanı da birgə müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti bu məsələni gündəmə gətirmişdir.
Düşünürəm ki, yaradılan ortaq universitet dünya təhsil məkanında ən yaxşı ali təhsil müəssisələrindən biri olacaq. Bunun üçün hər iki dövlətin kifayət qədər imkanları var. Bu universitet tez bir zamanda Azərbaycan ali təhsil məkanında öz layiqli yerini tutacaq”.
“Hər iki ölkə üçün qarşılıqlı faydalı ali təhsil təcrübəsi formalaşacaq”
Rizvan Qənbərli, jurnalist, ekspert:
- “Türkiyə-Azərbaycan Universitetinin yaradılması gələcəyə yönəlmiş önəmli və strateji dəyəri yüksək olan bir anlaşmadır. Bu memorandum təkcə iki qardaş ölkə arasında birlik və əməkdaşlığın simvolu deyil, həm də təhsil baxımından dəyərli bir addımdır. Xüsusilə Qarabağ Universitetinin yaradıldığı bir dövrə təsadüf etməsi də düşünürəm ki, Türkiyənin ali təhsil istiqamətindəki çoxillik təcrübəsindən faydalanmaq baxımından böyük məna daşıyır. Xaricdə təhsil almaq istəyən vətəndaşlarımızın ən çox üstünlük verdiyi ölkənin Türkiyə olduğu faktını nəzərə alanda, yeni qurulacaq universitet abituriyentlərimiz üçün Türkiyədə təhsilə bir alternativ ola biləcək. Tələbə, professor-müəllim mübadiləsi, birgə tədqiqatlar, innovativ layihələr ilə hər iki ölkə üçün qarşılıqlı faydalı ali təhsil təcrübəsi formalaşacaq”.
“Ortaq Universitet iki suveren qardaş dövlətin ali təhsil sahəsində birgə fəaliyyətini genişləndirəcək”
Orxan Vəliyev, Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru:
- “Türkiyə-Azərbaycan Universitetinin yaradılması 44 günlük Vətən müharibəsindən sonra iki ölkənin prezidentləri arasında müzakirə edilmiş, ilkin qərarlar qəbul olunmuşdur. Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev iki ölkə arasındakı münasibətləri “bir millət, iki dövlət” kimi xarakterizə etmişdir. Növbədənkənar Prezident seçkilərində xalqın ciddi dəstəyi ilə təkrar Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev andiçmə mərasimində Türk Dünyasına xüsusi diqqət ayırmış və Türk Dünyasını “ailəmiz” şəklində ifadə etmişdir. Belə olan halda iki ölkə arasında ortaq universitetin təsis edilməsi Vətən müharibəsində uğurla sınaqdan çıxan və Şuşa Bəyannaməsində rəsmiləşən münasibətlərin dərinləşməsinə xidmət edəcəkdir. Ortaq universitet iki suveren qardaş dövlətin ali təhsil sahəsində birgə fəaliyyətini genişləndirəcək”.
Niyazi RƏHİMOV