Yeni universitet bölgədə elmi, texnoloji tədris mərkəzi rolunu oynayacaq
Xəbər verildiyi kimi, fevralın 19-da Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında “Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb. Memorandumu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar imzalayıblar.
İmzalanmış sənədə əsasən, Azərbaycanda tamamilə yeni modeldə yaradılan Türkiyə-Azərbaycan Universiteti regionda ən güclü, elmi-tədqiqat istiqamətli ən yaxşı universitet olacaq.
“Bu, həm də qarşıya qoyulan məqsəddir”, - deyən elm və təhsil nazirinin müşaviri Nicat Məmmədlinin fikrincə, yeni universitet təkcə Türkiyə ilə Azərbaycanın birliyindən deyil, müasir geosiyasi reallıqlardan çıxış edərək Türk dünyasının birliyinə yönəlmiş, ortaq dəyərləri əks etdirən mühüm layihədir və ondan hər iki tərəfin gözləntiləri böyükdür: “Türkiyə-Azərbaycan Universiteti bildiyimiz klassik universitet anlamından fərqli və daha böyük layihə olacaq. Burada müxtəlif universitetlərin birgə tədris modeli qurulacaq. Türkiyə-Azərbaycan Universiteti yeni dünyanın trendlərinə uyğun modeldə fəaliyyət göstərəcək və hər iki tərəfin müxtəlif universitetlərinin birgə təhsil proqramları tədris ediləcək. Yeni universitet bölgədə elmi, texnoloji tədris mərkəzi rolunu oynayacaq”.
Yeni universitet Bakıda fəaliyyət göstərəcək. 2024/2025-ci tədris ilindən etibarən universitetə tələbə qəbulu aparılacaq. Universitetdə ilkin olaraq mühəndislik, texniki-texnoloji sahələr üzrə ixtisaslar tədris olunacaq. Növbəti illərdən partnyorlar çoxaldıqca, ixtisasların sayının artırılması, layihənin həcminin böyüdülməsi, tədqiqat komponentinin də olması gözlənilir. Tələbələrin sayının və ixtisas siyahısının artırılacağı, xüsusən tibb ixtisasları üzrə kadr hazırlığının təşkil ediləcəyi planlaşdırılıb: “Bu universitet həm də regionun əsas tədris mərkəzlərindən birinə çevrilməlidir. Məqsədimiz keyfiyyətli universitet modeli ortaya qoymaqla gənclərimizi keyfiyyətli təhsillə təmin etməkdir. Türkiyədə oxumaq istəyən tələbələrimizin böyük hissəsinin bu universitetdə təhsil alacağına ümid edirik”.
Qeyd edək ki, Azərbaycan vətəndaşlarının universitetə qəbulunu Dövlət İmtahan Mərkəzi həyata keçirəcək. Hazırlıq prosesinin müəyyən hissəsinin sentyabr ayınadək bitməsi planlaşdırılır. Türkiyə tərəfi universitetə akademik, Azərbaycan tərəfi isə maliyyə dəstəyi göstərəcək və inzibati məsələləri həll edəcək. Tədris iki ölkənin müəllimlərinin iştirakı ilə türk və ingilis dillərində aparılacaq.
Ruhiyyə DAŞSALAHLI