Kembric Universitetinin professoru Qərib Mürşüdov: "Bu addımı ancaq alqışlamaq olar"


Məlum olduğu kimi, fevralın 19-da Ankarada Türkiyə Respublikası Ali Təhsil Şurası ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

 

Sənəd Türkiyə Ali Təhsil Şurasının sədri professor Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev tərəfindən imzalanıb. Saziş iki ölkə arasında təhsil və elm sahəsində əməkdaşlığın daha da genişləndirilməsini təmin edəcək.


Böyük Britaniyanın Kembric Universitetinin professoru Qərib Mürşüdov "Azərbaycan müəllimi" qəzetinə Türkiyə-Azərbaycan Universitetinin yaradılması barədə fikirlərini bölüşüb:


"Belə bir universitetin yaradılmasına müsbət addım kimi baxıram. Bu qərarın Azərbaycan və Türkiyə arasında hazırda çox yüksək səviyyədə olan əlaqələrin daha da möhkəmlənməsinə müsbət təsir göstərəcəyinə inanıram. Bir siyasi addım kimi bu qərarı ancaq alqışlamaq olar. Universitetin necə işləyəcəyi və rolu isə gələcəkdə qiymətləndiriləcək. Hazırda kütləvi informasiya vasitələri,    Azərbaycanın elm və təhsil mütəxəssisləri belə bir universitetin uğurlu olması üçün müsbət fikirlər irəli sürərək onu dəstəkləsələr yaxşı olardı. Yeni universitetin uğuru onun necə və harada yaradılması, ora cəlb olunan işçilərin səviyyəsi, onların indiyə və gələcəyə baxışı, universitetin maddi bazası kimi amillərdən asılı olacaq. Məsələn, bu universitet Bakıdan kənarda yaradılsa yeni elm və texnologiya klasterinin nüvəsi kimi ola bilər. Bu yeni universitet olduğu üçün yeni imkanlar yarada bilər. Məsələn, bu universitetdə təhsil sistemi tədqiqata əsaslansa, onda o sənayenin müxtəlif istiqamətlərində çalışa bilən yaradıcı mütəxəssislərin yetişdirilməsində mühüm rol oynaya bilər. Və həm də bu universitetin sənaye ilə əlaqələri olsa, hazırda çox vacib və tələb olunan mütəxəssislərin hazırlanmasına kömək edə bilər. Mənim Azərbaycanda elm və təhsil sahəsində arzularımdan biri Azərbaycanın lokal beynəlxalq mərkəzə çevrilməsidir. Mən istərdim ki, Azərbaycan xarici mütəxəssisləri cəlb edən mərkəzlərdən birinə çevrilsin.  Ümid edirəm ki, Türkiyə -Azərbaycan Universiteti bu istiqamətdə atılan ilk addım olacaq. Universitet türk ölkələrindən əlavə digər ölkələrlə də sıx əlaqədə olacaq».

 

Oruc MUSTAFAYEV