BP beynəlxalq universitetlərdə geniş istifadə edilən seçilmiş növbəti beş dərsliyin Azərbaycan dilinə tərcümə edilmiş nəşrlərini təqdim edib.

 

AZƏRTAC xəbər verir ki, bu, BP-nin yerli universitetlər üçün qabaqcıl beynəlxalq təhsil resurslarına, bilik və təcrübələrə çıxış imkanının təmin edilməsinə yönəlmiş iri təhsil layihəsinin bir hissəsidir. Layihə hazırda növbəti beş kitabın tərcüməsi işini davam edir və həmin kitabların təqdimatı gələn ilə planlaşdırılır.

 

Bu gün M. F. Axundzadə adına Milli Kitabxanada yeni beş nəşrin ictimaiyyətə təqdimatı keçirilib.

 

“Bu gün təqdim etdiyimiz beş kitab indiyədək Azərbaycana gətirdiyimiz 19 qabaqcıl beynəlxalq dərsliyin siyahısına dəyərli əlavədir. Bu kitablar yerli universitetlərin professor-müəllim heyətləri tərəfindən diqqətlə seçilərək tövsiyə edilib. Bu baxımdan hesab edirik ki, bu kitabların hamısına, həqiqətən də, böyük ehtiyac var və onlar Azərbaycanda ən çox tələb olunan dərsliklərdəndir. Nəzərə alsaq ki, bu dərsliklər dünyada ali təhsil üzrə ixtisaslaşan ən nüfuzlu nəşriyyatlar tərəfindən nəşr olunub, universitetlərimizin bu kitablara birbaşa çıxışının təmin edilməsi professor-müəllim heyəti və tələbələr üçün böyük bir dəstəkdir. Biz isə çalışacağıq ki, bu dəstəyi davam etdirək”, - deyə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli tədbirdə çıxışı zamanı bildirib.

 

Bu gün təqdim edilmiş kitablar aşağıdakılardır:

 

1. Marketinq strategiyası: ilkin prinsiplərin və verilənlərin təhlili əsasında (Müəllif: Robert Palmatier, Şrihari Sridar)

Nəşriyyat: “Red Globe Press”, 2021, 2-ci nəşr

 

2. Rəqəmsal marketinq. Strategiya, tətbiq və təcrübə (Müəlliflər: Deyv Çaffi, Fiona Ellis-Çadvik)

Nəşriyyat: Pearson, 2019, 7-ci nəşr

 

3. İqtisadi siyasət. Nəzəriyyə və praktika (Müəlliflər: A. Benassi-Küer, B.Köre, P. Jake, J. Pizani-Ferre)

Nəşriyyat: Oksford Universitetinin Nəşriyyatı, 2019, 15-ci nəşr

 

4. İnformasiya təhlükəsizliyi prinsipləri (Müəlliflər: Maykl E. Vitman, Herbert C. Mattord)

Nəşriyyat: “Cengage Learning”, 2021, 7-ci nəşr

 

5. Növbəti. Gələcəyin qısa tarixi (Müəllif: Avi Yoriş)

Nəşriyyat: Gefen, 2022

 

Bu kitablar BP-nin yerli universitetlərə, kitabxanalara və müvafiq elm və təhsil müəssisələrinə hədiyyəsidir. Hər bir dərsliyin çap edilmiş 2000 nüsxəsi ilə yanaşı, rəqəmsal versiyası da yerli nəşriyyatın – “Teas Press” nəşriyyat evinin onlayn platformalarında yerləşdirilib.

 

Dərsliklərin nəşri layihəsinin ümumi dəyəri 2,14 milyon manatdan (1,26 milyon ABŞ dollarından) çoxdur. Bu məbləğə ümumilikdə 29 kitabın, yəni indiyədək nəşr edilmiş 19, yeni təqdim edilmiş beş və gələn il təqdim ediləcək daha beş dərsliyin xərcləri daxildir.