9-18 fevral tarixlərində Rumıniyada məktəblilərin onlayn formatda VIII “InfO(1)Cup” proqramlaşdırma müsabiqəsi təşkil edilib. 


13 ölkədən 135 şagirdin iştirak etdiyi olimpiadada məktəblilərimiz uğurla çıxış edərək 1 qızıl və 1 bürünc medal qazanıblar. 


Belə ki, akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli qızıl, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Raul Cəfərli isə bürünc medala layiq görülüblər. 


Məktəblilərimiz sözügedən yarışda ilk dəfədir ki, qızıl medal qazanır. 


Qeyd edək ki, bu günədək məktəblilərimiz həmin müsabiqədən 3 gümüş və 3 bürünc medal qazanıblar.


İnformatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. 


Sözügedən müddətdə məktəblilərimiz müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 4 qızıl, 16 gümüş və 39 bürünc olmaqla ümumilikdə 59 medal əldə ediblər.