Bakı Dövlət Universitetində (BDU) 27 Mart - Elm Gününə həsr olunmuş müsabiqə başlayır.
Universitetdən bildirilib ki, “İlin alimi” müsabiqəsinin məqsədi il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad edilən, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş BDU əməkdaşlarının mükafatlandırılmasıdır.
Müsabiqə üzrə qaliblər aşağıdakı nominasiyalar üzrə “İlin alimi” adını alır, diplom və pul mükafatları ilə təltif edilirlər:
1-ci yer:
- Təbiət və texnika elmləri üzrə – 1 nəfər (2 500 manat);
- Humanitar və ictimai elmlər üzrə – 1 nəfər (2 500 manat).
2-ci yer:
- Təbiət və texnika elmləri üzrə – 1 nəfər (1 500 manat);
- Humanitar və ictimai elmlər üzrə – 1 nəfər (1 500 manat).
3-ci yer:
- Təbiət və texnika elmləri üzrə – 1 nəfər (1 000 manat);
- Humanitar və ictimai elmlər üzrə – 1 nəfər (1 000 manat).
Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar 2024-cü il 19 fevral tarixindən başlayaraq elektron formada və ya kağız şəklində qəbul olunur. Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlərin və digər müşayiətedici materialların qəbulu üçün son tarix 19 mart saat 17:00-dır.