ADPU-da magistrantların təcrübələri ilə əlaqədar konfrans keçirilib


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2023-2024-cü tədris ilində magistratura səviyyəsində təcrübənin başlanmasına həsr olunmuş konfrans keçirilib.

 

Konfransda universitet rəhbərliyi və təcrübəyə başlayan magistrantlar iştirak ediblər.

 

Universitetin rektoru professor Cəfər Cəfərov və elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov magistrantlara uğur arzulayıb, son illər ADPU-da magistratura təhsilinin məzmumu və keyfiyyətinin artırılması, qabaqcıl sahələr üzrə ixtisaslaşmaların açılması istiqamətində ardıcıl fəaliyyətin icra olunduğunu bildiriblər.

 

Məruzə ilə çıxış edən Magistratura və doktorantura şöbəsinin müdiri Rəşad Sadıqov diqqətə çatdırıb ki, ümumilikdə 350 nəfərədək magistrantın iştirak edəcəyi təcrübədə elmi-tədqiqat və istehsalat təcrübəsi 16 fevral – 15 mart tarixlərində, elmi-pedaqoji təcrübə isə 27 mart – 24 aprel tarixlərində təşkil olunacaq. SABAH magistratura ixtisaslaşması üzrə isə 16 fevral – 12 aprel tarixləri aralığında 8 həftəlik elmi-tədqiqat təcrübəsi keçiriləcək.

 

Bildirilib ki, magistrant hər bir təcrübədə ayrılıqda maksimum 100 bal toplaya bilər. Hər hansı təcrübənin 25 faizindən artığında iştirak etməyən, yaxud yekunda müvafiq keçid balını (51 bal) toplamayan magistrant təcrübədən keçməmiş sayılır.