Sinqapur təhsili son dövrlər dünya təhsil sistemində tez-tez adıçəkilən uğurlu modellərdəndir. Həm mətbuat, həm də təhsil adamları bu sistemin uğurundan çox danışırlar. Bir müddət əvvəl Finlandiya modeli dəbdə idi. Bu, təkcə bizim ölkədə deyildi. Bütün dünyada təhsilə yanaşma eyni idi. Sözsüz ki, haqlı səbəblər vardı. Çünki beynəlxalq PISA qiymətləndirməsinin nəticələrinə əsasən, fin təhsili ard-arda uğurlar əldə edirdi. Eləcə də Sinqapur modelində (Sinqapurlu uşaqlar İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yetmiş beş ölkədə həyata keçirdiyi riyaziyyat, elm və oxuyub-anlama sahələrindəki fəaliyyəti ölçən PISA imtahanlarında son illər üst sıralarda yer alırlar) bunu görürük. Həmçinin Sinqapur məktəbliləri riyaziyyat, kimya, fizika fənləri ilə bağlı beynəlxalq olimpiadalarda da çoxlu uğurlar qazanırlar.
Gəldiyimiz nəticələrə əsasən, deyim ki, başgicəlləndirən uğurun əsas səbəbi Sinqapurun bunu məhz son əlli ildə əldə etməsidir. Əlli illik uğurun belə gözqamaşdıran olması məhz onun gənc olması, köklü təhsil sistemləri ilə rəqabətdə geri qalmamasıdır.
Bütün bu qeyd etdiklərimi bilmək, öyrənmək, araşdırmaq üçün Sinqapura yol aldım. Doğrudan da, heç bir təbii resursu olmayan bir ölkənin bu qədər zəngin olması adamı həm təəccübləndirir, həm də düşündürür. Qarışıq millətlərdən, dinlərdən ibarət insanları olan ekzotik ölkədir. Nəhəng göydələnlər və yerdələnlər göz qamaşdırır. Nəqliyyat sistemi problemsiz, qanunlarının işləkliyi mükəmməl, təmizliyi yüksək səviyyədə, turizmi zəngin, son texnoloji yeniliklərə açıq bir ölkə düşünün... Deməli, insanları yaxşı təhsil alır, maariflənir, dövlət isə birmənalı şəkildə xalqa xidmət edir. Biz şərq ölkələrində bunu görəndə təəccüblənirik. Əslində, bu, təbiidir. Çünki bir tərəfində İndoneziya, bir tərəfində Malayziya var. Amma bu uğura hələ də çata bilməyiblər. Belə bir şəhər-dövlətin avantajı nədir, görəsən?
Təhsili ilə yaxından tanış olmaq üçün məhz beş günümü buna ayırdım; məktəbləri gəzdim, tanınmış təhsil mütəxəssisləri ilə görüşdüm, müzakirələr apardım və gəldiyim müəyyən qənaətləri sizinlə bölüşmək istədim. Sözsüz ki, faktlara öz münasibətimi də əlavə etmək şərti ilə.
Səfər çərçivəsində Sinqapur Təhsil Şəbəkəsinin direktoru Michael Klimm, Astor Beynəlxalq Məktəbinin təsisçisi Elena Holloway, SIS və İlham Məktəblərinin təsisçisi və sədri Jaspal Sidhu, Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişi və Davamlı İnkişaf Məqsədləri qabaqcıllarından Veerappan Swaminathan, Cənub-Şərqi Asiyanın Birləşmiş Dünya Kollecinin rəhbəri Nick Alchin, Kanberra orta məktəbinin baş müəllimi Ghazali Abdul Wahab, keçmiş MOE Kurikulumun Planlaşdırılması və İnkişafı proqramının rəhbəri, HeyHi şirkətinin baş direktoru Yueh Mei Liu ilə məktəblər üçün qiymətləndirmə və öyrənmə platformasına dair silsilə görüşlər keçirib müzakirələr apardım və bu yazı məhz o görüşlərdən çıxan ümumi nəticədir.
Sinqapur təhsilini araşdırmaq üçün yola çıxanda özüm üçün etdiyim qeydlər bunlar idi:
- 1. Məktəbin kurikulumun qarşısına qoyduğu hədəf əsasən nədir? Bəs ümumiyyətlə, Sinqapur təhsili orta məktəbi bitirən şagirddən nə gözləyir?
- 2. Müəllimlərin performans dəyərləndirilməsi, akkreditasiyası necə aparılır? Bir müəllim Sinqapurda necə işə düzəlir və onun illik performansı hansı sistemlə tənzimlənir?
- 3. Sinqapur təhsilində şagird qiymətləndirilməsi necə aparılır? Daha çox hansı məqamlara üstünlük verilir? İmtahanlar neçənci sinifdən, ildə neçə dəfə aparılır? Bunu məktəb özümü edir, yoxsa Təhsil Nazirliyi?
- 4. Şagirdlərin həftəlik dərs yükü siniflər üzrə neçə saatdır?
- 5. Bir müəllimin dərs yükü maksimum neçə saat olur, maaşlar dərs yükünə görəmi hesablanır, yoxsa sabit ştat maaşı var?
- 6. Ev tapşırığı məsələsi Sinqapurda necədir? Dərsi məktəbdə öyrədə bilirlərmi?
- 7. Universitetlərə hazırlıq prosesi necədir? Bunu məktəb özü həll edə bilirmi? Yoxsa hazırlıq kursu və ya xüsusi repetitorluq var?
- 8. Sinqapur təhsilində istedadmı, çalışqanlıqmı əsas amildir?
Bir təhsilin uğurlu olması üçün ilk olaraq onun kurikulumu mükəmməl olmalıdır. Məlum olur ki, Sinqapur kurikulumu İngiltərə kurikulumu əsasında hazırlanıb. Demək olar ki, Kembric kurikulumu əsasında tədris edilir. İmtahanlar da elə məhz Kembric formatında və ya elə Kembric imtahanları ilə həyata keçirilir. Riyaziyyat kurikulumlarında yapon və çin kurikulumları əsas baza kimi götürülüb.
Təhsil on iki ildir; altı il ibtidai, dörd - beş il orta, iki il yuxarı siniflərdir. İbtidai sinifdən sonra şagirdlər istedadlarına, öyrənmə bacarıqlarına görə üç yerə bölünərək tədris aparılır: yəni normal siniflər, express siniflər, xüsusi istedadlı siniflər. Bizim başa düşdüyümüz kimi, təmayüllərə görə yox, dərketmə bacarıqlarına görə qruplaşdırılırlar. Bu, çox ağır olan PSLE adlanan sistemlə tənzimlənir. Sözsüz ki, bu, birbaşa nəticəyönümlü təhsildir və sanki reytinqlərə fokuslanıb. Seçilmişlərlə xüsusi iş kimi...
Yuxarı siniflər isə iki yerə bölünür politexnik dedikləri birinci normal qrup, A səviyyə dedikləri istedadlılar qrupu. Belə ki, politexnik siniflərində oxuyan şagirdlər peşə öyrənirlər. Amma A səviyyə sinifləri birbaşa universitetlərə qəbula hazırlaşırlar.
Təhsil əsasən, STEAM əsaslıdır, riyaziyyat, fizika, kimya, biologiya kimi fənlərə xüsusi yer verilir və bacarıq əsasında öyrənmə üsulundan istifadə edilir.
Son zamanlar tədrisə tətbiq etmək istədikləri sistem İB təhsilidir. Ona görə də müəyyən pilot sinifləri var, yuxarıda qeyd etdiyimiz xüsusi istedadlı siniflər buna istiqamətlənmiş addımdır. Təqribən dövlət məktəblərində təhsil alan şagirdlərin hardasa 10%-i İB imtahanlarına girir. Bir sözlə,yuxarıda qeyd etdiyim, əsaslı və köklü təhsili olan İngiltərə modeli üzərində aparırlar və öz dəyərlərini də buna qata bilirlər. Dövlət əzbərçiliyi yox, öyrənməyi, yəni “Düşünən məktəblər, öyrənən millət” adlı siyasəti qəbul edib. Şüarı da “Daha çox öyrət, daha çox öyrən”dir. Sosial sahibkarlıq bacarıqlarının formalaşmasına daha çox üstünlük verilir. Etiraf edirlər ki, hər iki bacarıq hələ də problem olaraq qalır. Nə qədər elmi, texniki sahədə inkişaf etsələr də, bu sahədə geridə qalırlar və Sinqapurlu gənclər öz komfort zonalarından çıxanda çətinliklərlə üzləşirlər.
İbtidai və orta məktəb siniflərində təhsil ödənişsizdir. Amma bağça və ali məktəblər ödənişlidir.
Uşaqların yükü, təbii ki, getdikcə daha da çətinləşir. Əsas üç imtahan var: on iki, on altı və on səkkiz yaşlarda verilən imtahanlar. O imtahanlar uşaqlar üçün daha çətin olur. Biz, əslində, kurikulumda olan yükləmələri 1999-cu ildən azaltmağa başlamışıq. 2001-ci ildə kurikulumda öyrədilənlərin 20 %-də dəyişiklik edərək azaltmışıq və beş-altı il sonra yenə 10% azaltma etmişik. Əslində, bu, çoxdan başlayan bir prosesdir, amma buna baxmayaraq materiallar hələ də çətindir. Azaltmanın işə yaramamasının səbəbi ondadır ki, bir tərəfdən azaldılırsa, bir tərəfdən də başqa dəyərlər, bacarıqlar əlavə olunur. Ona görə də materialların yükü, demək olar ki, dəyişmir (Yueh Mei Liu).
Sinqapurda özəl və ya dövlət məktəbi anlayışı yoxdur. Sadəcə publik - dövlət məktəbi və beynəlxalq məktəb var. Dövlət sinqapurluların beynəlxalq məktəblərə getməsinə maraqlı deyil və bunu heç bir halda təşviq etmir. Müəyyən yollarla qarşısını alır. Çünki Sinqapur dövləti təhsili ödənişsiz etdiyi üçün istəyir ki, şagirdlər beynəlxalq dəyərlərlə yox, sırf milli dəyərlərlə böyüsün. Həmçinin xalq təhsildən narazı deyil. Siniflər otuz - qırx nəfər şagirddən ibarət olsa da, tədris normaldır, valideynləri qane edir. Həftəlik dərs saatları otuz saatdan başlayır. Yuxarı siniflərdə bu, qırx saata qədər qalxa bilir.
Çox maraqlıdır ki, Sinqapur təhsilində “tyuşin” dedikləri əlavə hazırlıq sistemi çox məşhurdur. Məktəbdən sonra, demək olar ki, əksər şagirdlər universitetə qəbul olmaq üçün əlavə hazırlıqlara gedirlər. Bu qədər çox danışılan təhsil sistemində əlavə hazırlıqların olması oradakı təhsil mütəxəssislərini də narahat edir. Uşaqların gələcək həyatını yönləndirən, onu idarə edən altı əsas imtahan var və bu da həmin hazırlıqların yaranmasına səbəb olur.
Deyirəm, bu qədər məşhur olan Sinqapur təhsili yaxşıdırsa, məktəblər lazımi tədrisi verə bilirsə, onda valideynlər niyə məktəbdən sonra hazırlıq kurslarına bu qədər çox üz tutur, milyonlarla pul xərcləyirlər?
Valideynlərin gözləntilərinin tək səbəbi var: ayrıca müəllim sektoru yaradılsın. Kifayət qədər yaxşı təhsil sistemi var, sadəcə valideynlər bununla kifayətlənmək istəmirlər. Uşaq məktəbdə öyrənirsə, yaxşı təhsil var. Amma daha yaxşı təhsil yox, daha da yaxşı təhsil onlar üçün kifayətdir. Ona görə də uşaqları əlavə müəllim yanına göndərməyə məcbur edirlər.
Deyirəm, nazirlik qiymətləndirmə sistemində müəyyən yüngülləşdirmə aparır, amma hər ay kursların sınaq imtahanlarına on minlərlə uşaq girir, axı niyə?
Bəli, dövlət bir zamanlar pulsuz etdiyi sınaqları ləğv edir, kurslar isə onu valideynlərin tələbi ilə ödənişli keçirir!
Beynəlxalq məktəblərin qurucusu Jaspal Sidhu deyir: “Bu, mənim Sinqapurla bağlı qəbul etmədiyim mövzulardan biridir. Dünyanın ən qabaqcıl ölkələrindən biriyik, amma əlavə müəllim yanına getməyin bir milyonluq dəyəri var. Bu, ondan qaynaqlanır ki, Sinqapurda altı əsas imtahan var. Bu imtahanlar, sözün əsl mənasında, gələcəyinizi quracağınız üçün qərar verəcək ki, hansı yolu seçirsiniz, hansı universitetə gedəcəksiniz və s. Asiya millətlərinin mentalitetindən gələn bir təzyiq var, hansı ki mən ən qabaqda olmalıyam, ən birinci olmalıyam. Uşaqların üstünə çox təzyiq qoyulur”.
Deyirəm, müəllimlərin performans dəyərləndirilməsi, akkreditasiyası necə aparılır? Bir müəllim Sinqapurda necə işə düzəlir və onun illik performansı hansı sistemlə tənzimlənir?
Şimal Baharı İbtidai Məktəbində Məsləhət Şurasının sədri Doktor David: “Universitetin pedaqogika fakültəsini bitirən şəxs müəllim olmaq istəyirsə, Təhsil Nazirliyinin siyasətini həyata keçirən institutda hökmən iki təhsil almalıdır. İki ilin sonunda imtahan verərək müəllimlik sertifikatı alan şəxs müəllim işləyə bilər. Universiteti nə vaxt bitirməsindən asılı olmayaraq bu imtahanı verməlidirlər. Bu təhsil ödənişlidir, amma müəllimlər ödəniş etmirlər. O şərtlə ki, iki illik müəllimlik bacarıqları ilə bu imtahanı uğurla başa vursunlar. Əgər imtahandan keçməsələr, həmin xərcləri müəllim ödəyir. Ondan sonrakı illərdə isə müəllimlər hər il müəyyən kurslara cəlb edilirlər. İlin əvvəlində qarşısına qoyduqları hədəfləri yerinə yetirirlər. Bunun nəticəsində yüksələ də, işdən çıxarıla da bilər. İşdən çıxarma direktorun səlahiyyətindədir. Direktor müəllimi işə götürə də, çıxara da bilər.
Bəs direktorun obyektivliyinə dövlət əmindir?
Doktor David düşünmədən təsdiqləyir: “Çünki onlar da xüsusi bacarıqlarına görə seçilir, təlimlərdən keçirilir”.
Müəllim ilk işə başlayanda üç istiqamətdə inkişaf proqramını seçə bilər:
- 1. Məktəb menecerliyi;
- 2. Pedaqogika - müəllimlik;
- 3. Təhsil mütəxəssisi.
Ona görə də hər birinin inkişaf istiqaməti fərqlidir. Ən çətin olanı da məktəb menecerliyidir. Çünki bu, ən yaxşısıdır.
Ghazali Abdul Wahab deyir: “Maaşlar Sinqapurda təxminən səkkiz - on beş min arası dəyişir. Onlar müəllimliyi buna görə atmırlar ki, kifayət qədər yaxşı maaş alırlar. Sinqapurda müəllimləri sadəcə o şəkildə motivasiya edirlər. Baxa bilərsiniz ki, Avstraliya, İngiltərə müəllim çatışmazlığı yaşayır. Çünki müəllimlərin maaşı azdır. Sinqapurda elə bir problem heç vaxt yaşanmır. Eyni zamanda sinfin performansından asılı olaraq müəllim bonuslar ala bilir. Eyni müəllim öz sinfini nə qədər yaxşı öyrədirsə, daha çox maaş alacaq”.
Sinqapurda dərslikləri valideynlər alır. Alternativ dərsliklər var və məktəbin qərarına görə dərslik seçilir. Amma əlavə çoxlu dərslik var ki, bu da əlavə hazırlıqların aktiv olduğunun nəticəsidir.
Sinqapur təhsil sisteminin ən uğurlu tərəfi çevik olmasıdır. Yeniliklərə tez və operativ cavab verirlər. Texnologiyadan daha çox istifadə edilir. Texnologiya deyəndə biz daha çox smart-lövhələri nəzərdə tuturuq, amma onlarda “ağıllı lövhə”lərdən çox az istifadə edilir, daha çox bəyaz lövhələrdir. Bütün şagirdlərin noutbuku var.
Çoxlu internet resursları yaradılır, “ChatGPT” belə bu gün Sinqapur təhsilində istifadə edilir.
Yueh Mei Liu deyir: “Biz son illərdə buna daha çox önəm veririk. XX əsr bacarıqları - sizin dediyiniz kimi sosial-emosional zəkanı daha çox öyrətməyə çalışırıq. Səbəb də elə texnologiyadır. Biz sosial-emosional zəkanı kurikulum üzərində tətbiq etməyə çalışırıq ki, uşaqlar daha məsuliyyətli olsunlar. Bizim təhsil sistemində üç əsas faktor rol oynayır. Biri pedaqogikadır, biri kurikulumdur, biri də qiymətləndirmə sistemidir. Bizdə bu üçü də eyni anda dəyişir, eyni anda hərəkət edir deyə qabağa gedə bilirik. Təhsil Nazirliyinin bizdən gözləntisi odur ki,sadəcə bir hissə dəyişməsin. Məsələn, tək kurikulumu dəyişək, digərləri qalsın, belə olmaz. Digər ölkələrdə bu üç faktor bir-birindən ayrı şəkildə hərəkət etdiyi üçün onlar çox əziyyət çəkirlər. Əgər ikisi yerində qalıb, biri inkişaf etsə, çox qabağa gedə bilmirik”.
Çalışdım, bu yazıda məhz bizim ölkə təhsili üçün maraqlı məqamları qabardım və müqayisə imkanı yaransın. Amma elə görünməsin ki, dünya təhsilində önəmli yerdə olan bir ölkənin təhsilini bəyənmədim və ya bəyənməmək üçün mesajlar verirəm. Sadəcə istədim ki, uzaqdan çox parıltılı görünən nəsnənin içinə daxil olaq və aydın görə bilək.
Bu gün Sinqapur təhsili öz ölkəsi üçün birmənalı şəkildə uğurludur və bu uğurun əsas səbəbi isə düzgün kadr seçimi, yaxşı kadra lap yaxşı maaş vermək, texnoloji yeniliklərə açıq olmaq, kadr potensialı üzərində daima və formallıqdan uzaq iş aparmaq, dövlət tərəfindən müəllimi daima qorumaq və dəsətəkləmək, öz prinsiplərini uzun illər öncədən müəyyənləşdirmək və üzərində düzgün icra işləri aparmaqdır.
Əgər kurikulum varsa və bu işləyirsə, vicdanlı müəllim varsa və qanunlar doğru-dürüst işləyirsə, istənilən sistemdə uğurlu olmaq olar. Düzdür, görünən odur ki, Sinqapur təhsili daha çox nəticəyönümlü və yaddaş təhsili üzərində qurulub, amma digər sahələr o qədər yaxşı inkişaf edib ki, yaddaşəsaslı təhsil narahatlıq yaratmır!
Şəmil SADİQ,
filologiya üzrə fəlsəfə doktoru, dosent