Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun alimləri - AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, professor Adil Əliyev, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov, yer elmləri üzrə fəlsəfə doktoru Tofiq Rəşidov və doktorant İlkin Kəngərlinin birgə tədqiqatları əsasında ərsəyə gəlmiş elmi nəticələr nüfuzlu “Springer” nəşriyatına aid “Geoheritage” jurnalında çap olunub.
Beşillik impakt faktoru 3,3 olan jurnala təqdim edilmiş məqalə Azərbaycanda ən sıx paylanma nümayiş etdirən palçıq vulkanlarının geopark obyekti daxil olmaqla, həm də regionun gələcək geoturizminə töhfəsi baxımından potensialının qiymətləndirilməsinə həsr edilib. Bu baxımdan alimlərin araşdırmaları, əsasən ölkə sərhədləri daxilində palçıq vulkanlarının spesifik yayılma, təzahür və fəaliyyət xüsusiyyətlərinin, həmçinin təsnifatlarının tədqiqini özündə əks etdirir.
Əldə olunmuş zəngin materialların təhlilləri əsasında Azərbaycanın fərqli tektonik zonalarına aid bəzi spesifik xüsusiyyət və turizm potensialı daşıyan palçıq vulkanları geoirs statuslu obyektlər kimi təklif olunub.
Məqalə haqqında daha ətraflı məlumat almaq üçün aşağıdakı linkdən istifadə etmək olar:
https://link.springer.com/article/10.1007/s12371-024-00931-3