Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində 14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü münasibəti ilə tədbir keçirilib.

 

Tədbirdə ADPU-nun rəhbərliyi, Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları ilə yanaşı, ADPU-nun baza məktəbi olan M.Rahim adına 7 nömrəli tam orta məktəbin müəllimləri, eləcə də VII və VIII sinif şagirdləri iştirak ediblər.

 

Çıxış edən rektor professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov və ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənova bu beynəlxalq təşəbbüsün yaranma tarixi və mahiyyətindən bəhs edərək, gənclər və uşaqlar arasında kitaba və mütaliəyə marağın artırılmasında Beynəlxalq Kitab Bağışlama Gününün qeyd olunmasının önəmindən bəhs ediblər.

 

Vurğulanıb ki, Pedaqoji Universitetdə gənc nəsildə müəllimlik peşəsinə sevgi aşılamaq məqsədi ilə mütəmadi tədbirlər, “Açıq qapı” günləri təşkil olunur.

 

Daha sonra şagirdlərə kitab və məktəbin kitabxanasına kitab hədiyyələri təqdim olunub.