Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Gənc Alimlər Şurasının ilk iclası keçirilib.

 

Rektor professor Ədalət Muradovun iştirakı ilə keçirilən iclasda gənclərin elmə cəlb olunması, elmin populyarlaşdırılması, elmi fəaliyyətin stimullaşdırılması və keyfiyyətinin artırılması istiqamətində müzakirələr aparılıb. UNEC-in gənc alimləri görüşdə bir sıra təkliflərlə çıxış ediblər.

 

Gənc Alimlər Şurasının İdarə heyətinin sədri, elmlər doktoru proqramı üzrə UNEC-in doktorantı Maral Camalova UNEC-in gənc alimləri tərəfindən elmi jurnalın nəşr olunmasını, gənc alimlər şəbəkəsinin qurulmasını, iqtisadiyyat sahəsində ölkə üzrə Web of Science və Scopus bazasına daxil olan jurnalın təsis olunmasını təklif edib.

 

Biznesin idarə edilməsi kafedrasının müəllimi, Türkiyənin Mərmərə Universitetinin doktorantı Bəhman Hüseynli isə alimlərin maddi və mənəvi motivasiyasının təmin olunmasına diqqət çəkərək, onların xaricdə akademik ezamiyyələrdə iştirakının artırılmasının əhəmiyyətindən danışıb. Həmçinin gənc alimlərin tədqiqat bacarıqlarının yüksəldilməsi məqsədilə təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb.

 

Humanitar fənlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Cəmilə Həsənova gənc alimlərin nüfuzlu beynəlxalq konfranslarda iştirak etməsinin və xarici alimlərlə əməkdaşlığın genişləndirilməsinin faydalı olacağını bildirib.

 

Riyaziyyat və statistika kafedrasının müəllimi, Fransa universitetlərindən magistratura və doktorantura üzrə məzun olmuş riyaziyyat üzrə fəlsəfə doktoru  Ramiz Qarayev universitet-sənaye əlaqələrinin genişləndirilməsi məqsədilə iş dünyasının təklifləri əsasında gənc alimlər tərəfindən layihələrin hazırlana biləcəyini qeyd edib.

 

İqtisadiyyat kafedrasının müəllimi, UNEC-in doktorantı, “Bir Kəmər, Bir Yol” Tədqiqat Mərkəzinin üzvü Aslan Əzimzadə isə gənc alimlərin yeni çıxmış elmi əsərlərinin elmi ictimaiyyətə tanıdılmasının zəruriliyini vurğulayıb.

 

Müzakirələrin sonunda tədqiqatların və gənc tədqiqatçıların dəstəklənməsi üçün xüsusi proqramın hazırlanmasının faydalı olacağı bildirilib.