İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzson Azərbaycan Dillər Universitetində (ADU) olub.
ADU-nun rektoru akademik Kamal Abdulla bildirib ki, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, xarici təcrübə proqramlarının öyrənilməsi vacib elementlərdən biridir. Rektor ADU-da həyata keçirilən müxtəlif layihələr, müəllim-tələbə mübadiləsi proqramları haqqında məlumat verib.
“Səfir saatı” layihəsinin tarixindən və tələbələr üçün əhəmiyyətindən danışan rektor, ADU-da tez-tez belə görüşlərin keçirildiyini vurğulayıb:
“Azərbaycan Dillər Universiteti dünyanın müxtəlif ölkələrinin universitetləri ilə beynəlxalq elmi əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini inkişaf etdirir. Bu inkişaf həm müəllimlərimizin, həm də tələbələrimizin bilik və bacarıqlarının artırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Tələbələrimiz müxtəlif yerli və beynəlxalq layihələrdə uğurla iştirak edirlər. Belə layihələrdən biri də “Səfir saatı” layihəsidir.
İnanıram ki, Azərbaycan və İsveç arasında olan dostluq və tərəfdaşlıq münasibətləri bütün sahələrdə olduğu kimi, elm, mədəniyyət və təhsil sahəsində də yüksələn xətlə inkişaf edəcək”.
Daha sonra “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib. Görüşdə, eyni zamanda “Online Swedish” akademiyasının İsveç dili müəllimi Robert Melwitz də iştirak edib.