Hədəf elm və təhsil sahəsində ictimaiyyəti daha yaxşı məlumatlandırmaqdır
Fevralın 13-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin bir sıra ali təhsil müəssisələrinin mətbuat, ictimaiyyətlə əlaqələr və kommunikasiya məsələləri üzrə rəhbərləri və mütəxəssisləri ilə görüşü keçirilib. Görüşdə ictimaiyyət və media ilə işin təkmilləşdirilməsi, ali təhsil müəssisələri arasında kommunikasiyanın gücləndirilməsi və bu istiqamətdə birgə əməkdaşlıq imkanları müzakirə olunub, ali təhsil müəssisələrinin fəaliyyətinə dair məlumatların effektiv emalı, ictimaiyyətə çatdırılması kimi məsələlərə toxunulub, bir sıra təkliflər irəli sürülüb.
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev qeyd edib ki, görüşün məqsədi mövcud imkanların müzakirə edilməsi, bütün resursları birləşdirməklə elm və təhsil sahəsində kommunikasiyanın daha da gücləndirilməsinə nail olmaqdır. S.Rzayev Elm və Təhsil Nazirliyində aparılan struktur dəyişiklikləri, yaradılan yeni agentliklərin fəaliyyət istiqamətləri barədə qısa məlumat verərək əlavə edib ki, əsas hədəf elm və təhsil sahəsində ictimaiyyəti daha yaxşı məlumatlandırmaqdır.
Qeyd olunub ki, bir sıra hallarda mediaya ötürülən məzmun, abstrakt, bəsit, neqativ xarakterli olur. Bu baxımdan ali təhsil sahəsində uğurla həyata keçirilən bir çox işlərin ictimaiyyətə daha düzgün kommunikasiya edilib çatdırılması olduqca vacibdir.
Bu istiqamətdə hansı işlər görülməlidir?
S.Rzayev hesab edir ki, ilk növbədə ali təhsil müəssisələrinin informasiya siyasətinə məsul olan qurumlarla əlaqələrin gücləndirilməsi, yeni əməkdaşlıqların yaradılmasına dəstək olmaq və bu sahədə çalışanların bilik və bacarıqlarının artırılması çox vacib məsələlərdəndir. Digər mühüm məsələ isə elm və təhsil sahəsində media savadlılığının artırılması istiqamətində addımlar atılmasıdır.
“Sevindirici haldır ki, son illərdə ali təhsil sahəsində çox ciddi islahatlar aparılır. Bu gün universitetlərin akademik heyəti də gəncləşir, yenilənir, universitetlərdə uğurlu tədris prosesi, akademik heyət, uğurlu tələbələrimiz var. Biz ali məktəblərimizin fəaliyyətini əks etdirən məlumatları ETN-nin resurslarında, “Azərbaycan müəllimi”, Təhsil TV vasitəsilə paylaşa bilərik”.
S.Rzayev əlavə edib ki, “Azərbaycan müəllimi” uzun illər ərzində elm və təhsil sahəsində fəaliyyəti işıqlandıran bir qəzet olubdur. Ulu Öndər Heydər Əliyev qəzetin 60 illiyi münasibətilə redaksiya heyətinə təbrik məktubu göndərib.
“Biz “Azərbaycan müəllimi” qəzetinin çap versiyasını davam etdirməklə bərabər elm və təhsil sahəsində baş verən bütün yenilikləri özündə birləşdirən elm və təhsil xəbər platformasına çevirmək istəyirik ki, çevik şəkildə xəbərlər istehsal etsin. Biz qəzetin onlayn versiyası üzərində işləyirik. Qəzetin sosial mediada işıqlandırılmasını daha da gücləndirəcəyik ki, elm və təhsil məzmunlu fəaliyyəti ictimaiyyətə daha çevik şəkildə çatdırsın. Biz mövcud resurslarımızdan istifadə edərək ali məktəbin fəaliyyətini ictimaiyyətə çatdıracağıq. Eyni zamanda ali məktəblərin fəaliyyətinin televiziya, bir sıra internet resurslarda işıqlandırılmasına dəstək göstərə bilərik”.
Görüşdə çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Sənədlərlə və müraciətlərlə iş sektorunun müdiri Pərviz Əliyev qeyd edib ki, əsas məqsədimiz ali təhsil müəssisələrinin nümayəndələri ilə iş birliyi əsasında effektiv kommunikasiya qurmaqdır. Bu, ictimaiyyətə ali təhsil müəssisələrinin əsas fəaliyyət istiqamətləri haqqında ətraflı və doğru məlumatların operativ şəkildə çatdırılmasını təmin edəcək.
Qurumlar və media arasında düzgün kommunikasiyanın təşkili də gündəlikdə duran əsas məsələlərdən biridir. Bu, ictimaiyyətin düzgün məlumatlandırılması, keyfiyyətli məzmunun yayılması istiqamətində önəmli bir addım olacaqdır.
Bu sahədə səmərəli fəaliyyətin qurulması, keyfiyyətli məzmunun yaradılması, sosial media hesablarının və rəsmi saytların təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin müzakirəsi üçün davamlı görüşlər keçiriləcəkdir.
Ali məktəblərin mətbuat xidmətlərinin rəhbərləri universitetlərin fəaliyyətinə dair müsbət məzmunun ictimaiyyətə çatdırılması imkanlarından danışıblar. Açıq müzakirələrdə universitetlərin kommunikasiya siyasəti sahəsində müsbət təcrübəsi qeyd olunmaqla onlardan səmərəli istifadə məsələlərinə toxunulub. Çıxış edənlər universitetlərdə effektiv kommunikasiyanın qurulması, ali məktəbin piarının aparılması zamanı üzə çıxan çətinliklər barədə danışaraq bu sahədə konstruktiv əməkdaşlığın yaradılmasının vacibliyindən bəhs ediblər.
Tədbirdə ictimaiyyətlə əlaqələrin vacibliyi və keyfiyyətin artırılması məsələlərinə diqqət yetirilib. Görüşdə iştirak edən ayrı-ayrı universitetlərin mətbuat xidmətlərinin rəhbərləri aparılan müzakirələrlə bağlı fikirlərini “Azərbaycan müəllimi” qəzeti ilə bölüşüblər.
“Görüşdə gələcək strategiyanın ilkin konturları müəyyənləşdi”
Elman Babayev, BMU-nun mətbuat və informasiya şöbəsinin müdiri
- Belə bir görüşün keçirilməsi ali təhsil müəssisələrində kommunikasiyanın təşkili, daha da inkişafı, media subyektləri, sosial media ilə iş, həmçinin kommunikasiya alətlərindən düzgün istifadə baxımından önəmli idi. Mövcud vəziyyətin geniş müzakirə olunduğu tədbirdə müxtəlif təkliflər irəli sürüldü və gələcək strategiyanın ilkin konturları müəyyənləşdi, müəyyən tövsiyələr səsləndi. Elm və Təhsil Nazirliyi rəsmilərinin çıxışlarında nazirlik və ona tabe olan qurumlar arasında mövcud əlaqələrin gücləndirilməsi, kommunikasiya işinin effektiv təşkilinin vacibliyi xüsusi vurğulandı. Eyni zamanda bununla bağlı tövsiyə xarakterli müəyyən təkliflərin hazırlanacağı ifadə olundu. Qeyd etmək vacibdir ki, universitetlərin ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları arasında da kifayət qədər peşəkar insanlar var və bu qəbildən olan səmimi müzakirələrin ümumi işə töhfə verəcəyinə inanıram.
“Biz konkret problemlər və onların həlli üzrə söhbət apardıq”
Bəhruz Nəzərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimai əlaqələr marketinq departamentinin direktoru
- Mən Elm və Təhsil Nazirliyinə bu gün ali təhsil müəssisələrinin piar və media ilə iş üzrə qurumlarının rəhbərləri və nümayəndələri ilə keçirdiyi görüşün təşkilinə görə təşəkkürümü bildirirəm. Mənə elə gəlir ki, bu görüş çox faydalı oldu. O baxımdan ki, biz konkret problemlər və onların həlli üzrə söhbət apardıq. Ali təhsil və ümumiyyətlə, təhsil sahəsində yazan jurnalistlərin, kütləvi informasiya vasitələri nümayəndələrinin treninqlərinin təşkil olunması, ali məktəblərin piar xidmətlərinin işinin institusional təkmilləşdirilməsi məsələləri müzakirə olundu. Eyni zamanda, təhsil sahəsində ekspertlərin, ekspertlər institutunun da inkişaf etdirilməsi baxımından vacib məsələlər diqqətdə oldu. Elm və Təhsil Nazirliyinin ali məktəblərə özünün informasiya resurslarından istifadə imkanlarının yaradılması və genişləndirilməsi, o cümlədən SMM sahəsində belə dəstəyin göstərilməsi kimi təkliflər də çox faydalı oldu. Güman edirəm ki, bu kimi görüşlər davam edəcək və biz birlikdə, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ali təhsil müəssisələrinin əldə etdikləri uğurları ictimaiyyətə kifayət qədər yaxşı çatdıra biləcəyik.
“Belə görüşlərin mütəmadi təşkil olunmasını arzulayıram”
Sevinc İsgəndərova, Azərbaycan Texniki Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri – mətbuat katibi
- Elm və Təhsil Nazirliyi ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin rəhbərləri ilə görüşünü təqdirəlayiq hesab edirəm. Belə görüşlərin təşkili həm təcrübə mübadiləsi, həm də ictimaiyyətlə əlaqələrin təşkili və mətbuat xidmətlərinin fəaliyyəti istiqamətində mövcud problemlərin müzakirə edilərək minimuma endirilməsi baxımından müsbət addımdır. Təşkilatçılara təşəkkür edir və belə görüşlərin mütəmadi təşkil olunmasını arzulayıram.
“Görüşü kifayət qədər məhsuldar hesab edirəm”
Kəmalə Quliyeva, BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri:
- Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin ölkədəki ali təhsil müəssisələrinin ictimaiyyətlə əlaqələrə məsul şəxslərinin görüşünün keçirilməsi müsbət təcrübələrin bölüşülməsi və problemlərin müzakirə olunması baxımından faydalıdır. Görüşü kifayət qədər məhsuldar hesab edirəm. Növbəti görüşlərin bu sahədə mövcud olan ayrı-ayrı problemlərə həsr olunması və daha çox ali məktəbi əhatə etməsi arzuolunandır. Görüşdə Bakı Dövlət Universiteti tərəfindən də bir sıra təkliflər səsləndirdim. Bura tələbəyönlü fəaliyyətin daha da artırılması, xarici kommunikasiya ilə yanaşı, daxili kommunikasiyanın da gücləndirilməsi, elmin populyarlaşdırılması istiqamətində yazıların çoxaldılması, məzun lobbiçiliyinin yaradılması da daxildir.
“Həll yollarının birgə axtarışı müsbət nəticə verəcək”
Nicat Abdullayev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin PR və Media bölməsinin rəhbəri
- Ali təhsil müəssisələrinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndələri ilə keçirilən görüş bu sahədə olan çatışmazlıqların müzakirəsi və həll yollarının axtarışı üçün çox məhsuldar oldu. Hesab edirəm ki, ayrı-ayrı müəssisələrdə mövcud olan kommunikasiya problemlərinin səsləndirilməsi və vahid strategiyaya uyğun olaraq birgə həll yollarının axtarışı müsbət nəticə verəcək. Bu görüş həm də ali təhsil müəssisələrinin ölkənin ali təhsil sisteminin strateji hədəfləri uğrunda birləşməsi üçün də əlamətdar oldu. Şübhəsizdir ki, belə görüşlərin sayının artırılması və fikir mübadiləsi ali təhsil müəssisələrinin və ümumilikdə, ali təhsil sistemimizin təkmilləşməsinə, inkişafına və rəqabətədavamlılığına səbəb olacaq.
Oruc MUSTAFAYEV