Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin şagirdləri STEAM İnnovasiya Mərkəzində olurlar.
Ekskursiya çərçivəsində müxtəlif yaş kateqoriyasından olan məktəblilər yeni elmi məlumatlara birbaşa təmas edir, XXI əsr bacarıqlarını-kreativliyi, əməkdaşlığın inkişaf etdirilməsini, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini təkmilləşdirirlər.
STEAM İnnovasiya Mərkəzində məktəblilər aviasiya məkanı, klassik Nyuton, uşaqlar üçün Nyuton, konfrans, oyun, konstruksiya, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram”, VR zonaları ilə tanış olurlar. Mərkəzə gələn şagirdlər eksponatlar haqqında məlumatlandırılır, bələdçilərin köməyi ilə müxtəlif komandalara bölünərək oyunlar oynayır, əylənir və öyrənirlər. Həmçinin şagirdlər onlara verilən təlimatlar əsasında eksperimentlər icra edir, məktəbdə tədris prosesində öyrəndiklərini mərkəzdə əyani şəkildə görmək imkanı qazanırlar.
Ekskursiya zamanı STEAM İnnovasiya Mərkəzinin əsas məqsədinin şagirdlərin potensialını və maraqlarını cəmiyyətə xidmət işinə yönəltməkdən, onları öyrənməyə həvəsləndirməkdən ibarət olduğu bildirilir.
Qeyd edək ki, STEAM İnnovasiya Mərkəzinin yaradılması ölkəmizdə elm və təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin təzahürüdür.