Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə məktəb mühitinin formalaşdırılması mövzusunda görüş keçirilib.
Görüşdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, İdarənin müdir müavini Anar Məmmədov, Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə, paytaxtın təhsil müəssisələrinin direktor və direktor müavinləri iştirak ediblər.
Görüşdə çıxış edən Mehriban Vəliyeva məktəblərdə tədris prosesinin keyfiyyətli təşkili və tənzimlənməsi, valideynlərlə effektiv kommunikasiyanın yaradılması, məktəblərin daxili nizam-intizam qaydalarının nəzarətdə saxlanmasının vacibliyindən danışıb.
M.Vəliyeva məktəbdaxili sağlam psixoloji mühitin formalaşdırılması, dərsə davamiyyət, şagird nailiyyətlərinin artırılması, müəllimlərin ayrı-ayrı fənlər üzrə qarşılıqlı dərs dinləmələri, vətəndaş məmnunluğu, müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki rolu, valideynlərin məktəblə əlaqəsini daha da möhkəmləndirməyin önəmi kimi vacib məqamlara toxunub.
O, həmçinin buraxılış imtahanlarına hazırlıq, təhsil müəssisələrində şagird davranış qaydalarının tətbiqinə nəzarət, təhsilalanların inkişafı istiqamətində görülən işlər və digər məsələlərə dair tövsiyələrini verib.
Daha sonra kommunikasiya məsələlərindən danışan BŞTİ-nin müdir müavini Anar Məmmədov görüş iştirakçılarına məktəbin düzgün kommunikasiya üslubu, şagirdlərlə ünsiyyət, təhlükəsizilik qaydaları, işə məsuliyyətli münasibət barədə təklif və tövsiyələrini verib, nəticəyönümlü fəaliyyətin problemlərin həllindən keçdiyini qeyd edib.
Görüşdə iştirak edən təhsil işçiləri şagird davranış qaydalarının tətbiqinə nəzarət, elektron jurnal, dərsin düzgün qurulması, dərs yükü, məktəb-valideyn münasibətlərinin inkişaf etdirilməsi və valideynlərin məktəbə cəlb olunması barədə fikirlərini bildirib, qeyd edilən məsələlər üzrə öz təkliflərini səsləndiriblər.
Qeyd edək ki, həftə sonları davamlı olaraq keçirilən görüşlərin əsas məqsədi təhsil müəssisələrində sağlam psixoloji mühitin təmin edilməsi, müzakirə çərçivəsində çatışmazlıqların aşkarlanması, təhsil idarəçilərinin təkliflərinin dinlənilməsi, onlarla fikir mübadiləsinin aparılmasından ibarətdir.