Elm və Təhsil Nazirliyi  və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji İnkişaf Mərkəzinin təşkilatçılığı ilə TALIS 2024 üzrə (Öyrətmə və Öyrənmə üzrə Beynəlxalq Sorğu) müəllimlər və məktəb direktorları üçün infosessiyalar təşkil olunur.

 

ADPU-dan bildirilib ki, onlayn formatda  həyata keçirilən infosessiyalarda 2500-dən çox təhsilverən  və məktəb rəhbərləri iştirak ediblər. İnfosessiyalar növbəti günlərdə də davam edəcək.

 

Qeyd edək ki, 3 mərhələdən ibarət olan tədqiqatın pilot mərhələsi 2022-ci ildə, sınaq mərhələsi isə 2023-cü ildə həyata keçirilib.

 

Cari ilin fevral ayında təşkil olunacaq sorğunun əsas mərhələsində Azərbaycan üzrə 222 ümumi təhsil müəssisəsindən 4341 nəfər müəllim və məktəb direktorunun iştirakı nəzərdə tutulub.

 

TALIS tədqiqatı müəllimlərin tədris təcrübələri, idarəetmə bacarığı, müəllimlərin peşəkar inkişafı, məktəb mühiti, iş məmnuniyyəti və s. mövzular üzrə beynəlxalq müqayisələrə imkan verən məlumatlara sahib olmaq fürsəti yaradır.

 

İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı ilə Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən həyata keçirilən TALIS sorğusunda ölkəmiz ilk dəfə təmsil olunur.