İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) birgə təlim proqramlarından 40-dan çox startapçı və startap mentoru məzun olub. 

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) bildirilib ki,  təlimlərdə fərqli sahələrdən iştirakçılar yer alıb və onların yekun layihə təqdimatları xidmət sektoru, məşğulluq, dron texnologiyası, energetika, onlayn alış-veriş kimi istiqamətlər üzrə təklif etdikləri həlləri əhatə edib.

 

Tədbirin sonunda “SAP” proqramının məzunu olan 10 ən yaxşı startap komandası və “TTT” proqramının məzunu 3 ən yaxşı mentoru “Samsung Galaxy Tab S9” planşeti ilə mükafatlandırılıb.

 

Qeyd edək ki, 3 ən yaxşı mentorlardan biri ADNSU-nün mexanika kafedrasının müəllimi Mahmud İsmayılov olub.

 

Ümumilikdə, 20 startap komandası və 20 mentor bu təlimləri müvəffəqiyyətlə tamamlayıb. Hər iki proqramın iştirakçıları məzun sertifikatı ilə təltif ediliblər.

 

“TTT” proqramı isə elmtutumlu innovativ layihələr üzərində işləyən akademik heyət üzvləri üçün nəzərdə tutulub. Beş həftəlik proqramda iştirakçılar innovativ sahibkarlıq üzrə təlimlərin və praktiki tapşırıqların hazırlanması, habelə startap mentorluğu işinin təşkili üzrə hərtərəfli biliklər əldə etməklə mövcud səriştələrini təkmilləşdiriblər.