Xüsusi təhsildə təhsil müəssisəsinin I sinfinə qəbul edilmiş təhsilalanların yaş həddinin ibtidai təhsil üzrə müəyyən olunmuş yaş həddindən artıq olmasına yol verilir.
"Azərbaycan müəllimi" qəzeti xəbər verir ki, bu, Nazirlər Kabinetinin fevralın 8-də qəbul etdiyi "Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları"nın təsdiq edilməsi haqqında Qərarda öz əksini tapıb.
Qərara əsasən, tədris ilinin sonunda xüsusi təhsilə cəlb olunan təhsilalanların tərkibinə yenidən baxıla bilər. Onların digər xüsusi ümumtəhsil məktəbinə, internat tipli xüsusi ümumtəhsil məktəbinə, inteqrasiya təlimli ümumtəhsil məktəbinin xüsusi sinfinə, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbinin xüsusi sinfinə və ya sağlamlığı imkan verərsə, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbinə köçürülməsi psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə həyata keçirilir.
Tətil, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində və internat tipli xüsusi ümumtəhsil məktəbində qalan təhsilalanlar tam gün qruplarında birləşdirilirlər.
Bir ailənin uşaqları (bacı-qardaşlar), habelə qohumluq əlaqəsi olan sağlamlıq imkanları məhdud uşaqlar eyni təhsil müəssisəsinə qəbul edilirlər. Həmin uşaqlardan birinin tibbi göstəriciləri və ya sağlamlığının vəziyyəti uyğun gəlmirsə, o, aidiyyəti təhsil müəssisəsinə göndərilir.