Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Çexiya Respublikasının Karlova Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Eva Voldriçova Berankova ilə görüşüb.
E.Babayev qonağa universitetin tədris, elmi fəaliyyəti, beynəlxalq əlaqələri ilə bağlı məlumat verib. Karlova Universiteti ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilərək yeni müstəviyə keçirilməsinin vacibliyini vurğulayıb. Rektor BDU ilə Karlova Universiteti arasında maraq doğuran istiqamətlər üzrə ikili diplom proqramlarının qurulması, akademik, inzibati heyətin və tələbə mübadiləsinin artırılmasının əhəmiyyətinə də toxunub. Rektor, eyni zamanda ortaq forumların, elmi konfransların keçirilməsinin, birgə elmi qrantlara müraciət edilməsinin vacibliyini qeyd edib. O bildirib ki, Karlova Universiteti ilə “Erasmus+ KA 171” proqramı çərçivəsində biologiya üzrə uğurlu əməkdaşlıq davam edir. Rektor kompüter elmləri, biotexnologiya, kimya, riyaziyyat, ekologiya istiqamətləri üzrə də geniş əməkdaşlıq imkanlarının olduğunu xatırladıb. Bu sahələr üzrə BDU ilə Karlova Universitetinin ortaq tədqiqatlar, birgə layihələr həyata keçirmək imkanlarının olduğu diqqətə çatdırılıb.
Karlova Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Eva Voldriçova Berankova BDU ilə ortaq layihələrə, xüsusilə müəllim-tələbə mübadiləsinin, müxtəlif sahələr üzrə elmi tədqiqatların genişlənməsinə ehtiyac olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.