Psixologiya Elmi-Tədqiqat İnstitutunun təhsil sahəsində aparılan növbəti uğurlu tədqiqatlarından birinin öz əksini tapdığı “Akademik lokus nəzarət, prokrastinasiya və bunların məktəb məmnuniyyətinə təsirinə əsasən struktur bərabərlik modelləşdirməsi: Azərbaycan Təhsil Sisteminə Baxış” (A structural equation modeling of academic locus of control, procrastination, and their impact on school satisfaction: insights from the Azerbaijani educational system) məqaləsi beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan “SCOPUS”, “Scilit”, “SJR”, “EBSCO”, “ERIC”, “SOBIAD”, “World Cat”, “Sherpa Romeo”, “Index Copernicus”, “Academic Resource Index-ResearchBib” bazalarında indekslənən "International Journal of Education Methodology" jurnalında dərc olunub.
İnstitutun sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, institutun əməkdaşları-psixoloq Ülkər Zalova Nuriyeva, klinik psixoloqlar Mələk Allahverdiyeva, Təhmasib Abbasov və Narınc Rüstəmova tərəfindən Azərbaycanın müxtəlif bölgələrində yaşayan yeniyetmələrin akademik nəzarət lokusu ilə məktəb məmnunluğu arasında əlaqədə akademik prokrastinasiyanın potensial vasitəçi rolunu araşdırmaq məqsədilə həyata keçirilən tədqiqatda 628 şagird iştirak edib.
Akademik nəzarət lokusu, prokrastinasiya (ertələmə sindromu) və məktəb məmnunluğunun araşdırılması şagirdin rifahını, təhsil nəticələrini anlamaq baxımından olduqca vacibdir. Aparılan tədqiqatın nəticələrini təhlil etmək üçün statistik təhlil IBM SPSS Statistics 22 və AMOS Graphics proqramlarından istifadə etməklə aparılıb. Tədqiq olunan dəyişənlər arasındakı əlaqələri araşdırmaq üçün Pearson korrelyasiya analizlərindən istifadə edilib. Lokus nəzarət ilə yeniyetmələrin məktəb məmnuniyyəti, eləcə də akademik prokrastinasiyanın potensial vasitəçi rolu arasındakı əlaqəni araşdırmaq üçün tədqiqatda struktur bərabərlik modelləşdirməsindən (SEM) istifadə edilib. Burada dəyişənlər arasında mürəkkəb əlaqələri eyni vaxtda yoxlamaq qabiliyyətinə və gizli konstruksiyaların, mürəkkəb əlaqələrin aşkar olunmasına görə SEM effektiv yanaşma olaraq seçilib.
Əldə olunan nəticələrə əsasən demək olar ki, daxili lokus nəzarət ilə məktəb məmnuniyyəti arasında müsbət, xarici lokus nəzarət ilə məktəb məmnuniyyəti arasında isə neqativ asılılıq mövcuddur. Təhlillər göstərir ki, məktəb məmnunluğuna daxili lokus nəzarət ilə məktəb məmnunluğu arasında əlaqədə vasitəçi kimi çıxış edən akademik prokrastinasiya qismən təsir edir. Bundan fərqli olaraq, akademik prokrastinasiya xarici lokus nəzarət ilə məktəb məmnunluğu arasındakı əlaqəyə tam vasitəçilik etir. Bu nəticələr əsasında, gələcək tədqiqatlar üçün aşağıdakı tövsiyələr verilib:
- 1. Yeniyetmələr arasında daxili nəzarət lokusunun inkişafına təsir edən amilləri araşdırmaqla onu inkişaf etdirməyə kömək edən profilaktik tədbirlərin və təhsil proqramlarının hazırlanması;
- 2. Şagirdlərin məktəb məmnuniyyətini artırmaq üçün akademik prokrastinasiyanın azaldılmasına yönəlmiş tədbirlər planının hazırlanması və həyata keçirilməsi;
- 3. Xarici lokus nəzarətin məktəb məmnunluğuna mənfi təsir göstərdiyi aşkar edildiyindən, xarici atribusiyaların dəyişdirilməsini hədəfləyən müdaxilələrin həyata keçirilməsi və daxili lokus nəzarətin inanc sisteminin təşviqi.
Tədqiqat tələbələrin təhsil şəraitindəki məmnunluq səviyyələrini anlamaq və yaxşılaşdırmaq üçün potensial praktik nəticələr təqdim edir. Bundan əlavə, nəticələrin Azərbaycan məktəblərində şagirdlərin akademik maraqlarını anlamaq, təhsil və tədrisin keyfiyyətini artırmaqla məşğul olan müəllimlər üçün faydalı olacaq. Pedaqoqlar üçün daxili lokus nəzarət məktəb məmnunluğu və prokrastinasiya arasındakı əlaqənin başa düşülməsi tədris strategiyaları haqqında məlumat verə bilər. Onlar şagirdlərin daxili lokus nəzarətini gücləndirən, beləliklə, potensial olaraq prokrastinasiyanı azaldan və məktəbdən ümumi məmnuniyyəti artıran müdaxilələrin və ya dəstək sistemlərinin tətbiqini nəzərdən keçirə bilərlər. Tədqiqatın nəticələri valideynlərə isə övladlarına şəxsi nəzarət və məsuliyyət hissini inkişaf etdirməyə kömək edə bilər.
Məqalə ilə aşağıdakı linkə keçid edərək tanış ola bilərsiniz.