Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ümumi və tətbiqi riyaziyyat kafedrası tərəfindən nəşr olunan “Baku Mathematical Journal” zbMATH Open verilənlər bazasında indeksləşməyə qəbul edilib: https://zbmath.org/serials/?q =2790-8410 https://www.bakumathj.org/index.php .
Universitetdən bildirilib ki, ilk dəfə 2022-ci ilin martında nəşr olunan jurnal riyazi məlumat bazalarından yüksək reytinqlər alıb və onun müəllifləri universitet alimləridir.
Qeyd edək ki, zbMATH Open Riyaziyyat sahəsində dörd ən nüfuzlu riyazi verilənlər bazasından biridir və riyazi tədqiqatları hərtərəfli əhatə edən açıq, sərbəst istifadə edilə bilən verilənlər bazasıdır. FIZ Karlsruhe və Avropa Riyaziyyat Cəmiyyəti (EMS) tərəfindən hazırlanmış zbMATH Open tədqiqatçılar, alimlər və riyazi biliklərin geniş spektrini araşdırmaqda maraqlı olan hər kəs üçün dəyərli mənbə rolunu oynayır. Geniş məzmunu ilə zbMATH Open bütün dünyada riyazi tədqiqatların yayılmasında və kəşfində mühüm rol oynayır.
Bundan başqa, son üç il ərzində beynəlxalq məlumat bazalarında ADNSU ilə bağlı dərc olunmuş məqalələrin sayı 100% artaraq 193 istinaddan (2020-ci il) 383 istinada (2023-cü il) çatıb. 2020-2023-cü illərdə “Web of Science” beynəlxalq sitat bazasında indeksləşdirilmiş elmi işlərin təhlili əsasında ADNSU bu illər ərzində milli universitetlər arasında ikinci yeri tutur.